Keçdi (Şair Məmmədhüseyn)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Keçdi (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20. |
Sərçeşmə başında bir şux nazənin,
Əlində bir dəstə gül gəldi keçdi.
Soyuq bir vəlvələ saldı canıma,
Sandım qarşı dağdan yel gəldi keçdi.
Dedim: – Bir cam su ver, qoyma ki, yanam,
Dedi: – Uzaqda dur, şəklənər anam.
Dedim: – Tərpənməyə yoxdu tavanam,
Cavab qaytarınca il gəldi keçdi.
Dedim: – Bu xəlvətdə gəl qəmzə satma!
Dedi: – Məmmədhüseyn, sözü uzatma!
Dedim: – Xətəngini sinəmə atma!
Atdı, qan eylədi, sel gəldi keçdi.