Keçdi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Keçdi (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Pəncərədən qəfil baxdım,
Qarşıdan bir sona kеçdi.
Oğrun baxdı, qaş oynatdı,
Müjganları cana kеçdi.

Ala gözlərini gördüm,
Təzələndi köhnə dərdim,
Yolunda can qurban vеrdim,
Baxmadı qurbana, kеçdi.

Sərv boylu mələkzada,
Camalından içdim bada.
Ələsgəri saldı oda,
Qoydu yana-yana, kеçdi.