Məzmuna keç

Kişilər deyirlər

Vikimənbə saytından
Kişilər deyirlər
Müəllif: Cəfər Cabbarlı

Vallah, gətiriblər bizi lap cana qadınlar,
Heç oxşamayırlar belə insana qadınlar.

Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır,
Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür,
Sındırdı, güvəc boşqabı guya ki, donuzdur,
Hər nə desələr arvada, vallahi ki, düzdür.
İnsan deyil, oxşar hamı heyvana qadınlar;
Vallah, gətiriblər bizi lap cana qadınlar.

Arvad nə? Uşaq, ər nədir? İnsan dili bilməz;
Paltarları hisdən qaralarsa, yenə silməz;
İnsan kimi dil bilsə əgər, böylə döyülməz;
Yox fəhmü zəkası, yenə də ar edib ölməz
İnsanlığın adabına biganə qadınlar;
Çıxsın necə insan kimi meydanə qadınlar?!

Bir qədri də vardır oxuyub elmi-filanı,
Bir az da bilir qatma-qarış rusi lisanı,
Bir kəlmə də türkicə danışmaz, çıxa canı,
Guya ki, veriblər əlinə cümlə cahanı,
Yainki çıxıb təxti-Süleymana qadınlar,
Baxmaq diləməz hali-müsəlmana qadınlar.

Fikrində nədir? Modalı paltar, qısa şalvar;
Fikrində nədir? Pudra ilə rəng, iki xalvar;
Fikrində klub, bir kavaler, bir də ki, bulvar,
Təqlid eləyir qeyriyə murdar qızı, murdar.
Oxşar belə quyruqlu obezyana qadınlar,
Dünyanı ediblər dəxi virana qadınlar.

Təqsir özünüzdə, nəyə fəryad eləyirsiz?
Bir-bir kişinin eybini tədad eləyirsiz;
Min hiylə qurub, min kələk icad eləyirsiz.
"Qırdı bizi ərlər", - deyə boş dad eləyirsiz,
Bizdən aççılın bircə, a divanə qadınlar!
Qoymaz dəxi bu bicliyi bir yana qadınlar.
Vallah, gətiriblər bizi lap cana qadınlar;
Heç bənzəməyirlər belə insana qadınlar.