Məzmuna keç

Kimdən kimə şikayət edəlim

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kimdən kimə şikayət edəlim
Müəllif: Məhəmməd Hadi

İnləyir bari-qəm altında vətən, imdad yox,
Kisveyi-matəm bürünmüş cümlə, bir dilşad yox.
Olmuş övladi-vətən puyəndeyi-rahi-zəlal,
Bunları irşad üçün bir şö’leyi-irşad yox.
Bir taqım biçarələr mə'ruzi-tiri-intiqad,
"Müntəqidlər" nolduğun tənqidə bir nəqqad yox!..
Milləti-məğdurəyə hər işdə min irad var,
Əhli-iradə neçün, bilməm ki, bir irad yox?!
İrqi-millətdə təfəssüd eyləmiş xun, ey "həkim!"
Etməyə ixraci-dəm cərrah yox, fəssad yox!
Xəstənin nəbzin tutub dərdaşina olmaq gərək,
Yoxsa fəryadın həbadır, meyveyi-fəryad yox.
Gərçi millətdə mühəqqəqdir vücudi illətin,
Səndə təşxisi-mərəz etməkdə iste'dad yox.
Fəxri-ustadanə ilə, ey olan sərşari-kibr,
Cəhl ustadsın, ürfan üçün ustad yox!
Milləti-məzlumədə var qabiliyyət cövhəri,
Heyf, onu parlandıran bizlərdə iste'dad yox.
Gördüyün əhli-qələm xüddami-istibdaddır,
Həqqə təslim olmağa millətdə istib'ad yox.
Danələr nəşvü nüma bulmuş bu sünbülzardə,
Neyləyək, bu zər’gahi biçməyə həssad yox.
Tərki-əğraz etməyi hər şəxs eylər tövsiyə,
Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox.