Ləzgi Əhmədlə Xəstə Qasımın üçüncü deyişməsi
Ləzgi Əhmədlə Xəstə Qasımın üçüncü deyişməsi Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
Kim xəta eylədi, qaldı üstə suç?
Kim kimə buyurub, kimdən gətirdi?
Neçə yaşındaydı qurban gələn qoç?
Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,
Qabil xəta etdi, qaldı üstə suç.
Cəbrayıldı İsmayıla gətirdi,
Yetmiş yaşındaydı qurban gələn qoç.
Ləzgi Əhməd:
Nə quşdu, ildə bir yumurta salar?
Onun yumurtası qar üstə qalar?
Hansı ölən zaman, hansı sağalar?
Ona kimlər deyər, dur, buradan uç?
Xəstə Qasım:
Simurq quş ildə bir yumurta salar,
Onun yumurtası qar üstə qalar.
Ana ölən zaman bala sağalar,
Cəbrayıl der: ona, dur, buradan uç.
Ləzgi Əhməd:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,
O nədir ki, götürərlər qoymazlar?
Kimlərdir ki, məzarı yox, yumazlar?
Bu nə qonhaqondur, bu nə köçhaköç?
Xəstə Qasım:
Xəstə Qasım, heç vəsfindən doymazlar,
O ölüdür, götürərlər, qoymazlar.
Atəşpərəstlərin məzarı yox, yumazlar,
Dünya qonhaqondur, ölüm köçhaköç.