Məzmuna keç

Lenor (Po)

Vikimənbə saytından
Lenor
Müəllif: Po
Tərcümə edən: Həmid Piriyev
Mənbə: Ədəbiyyat qəzeti (2018, 19 oktyabr). [1]

Qovuşdu əbədiyyətə müqəddəs ruh! Düşüb sındı qızıl badə[1].
Zəng çalınsın! Aidin Stiks[2] çayında üzür azad ruh hazırda.
Və sən, Qay de Vir[3]! Nə üçün ağlamırsan? Ya indi ağla, ya heç vaxt!
Görürsən! Sevdiyin Lenor qara tabutda uzanıb yatır rahat.
Matəm nəğməsi çalınsın, matəm duası oxunsun! Yaxın gəlin!
Matəm duası himn olsun, gün görməyib bütün gənc ölənlər üçün.
Gözəl Lenor ikiqat ölmüş sayılır, belə gənc öldüyü üçün.

"Yalançılar! Sərvət üçün yaltaqlanıb hörmət edirdiniz ona,
Amma nifrət edirdiniz onun əyilməzliyinə, qüruruna.
Və ürəkdən sevindiniz sevgilimi görüb ölüm yatağında,
Həsədli baxışlarınız, böhtan deyən dilləriniz bu çağında
Xəstəliyə saldı onu, ölüb getdi gözlərimin qabağında".

Peccavimus[4]; belə deyil! Ölülər səhv edə bilməz, düşün bir az.
Matəm duası oxunsun, dalğalansın, qoy ucalsın avaz-avaz,
Yayılsın ərşi-əlaya, göyüzünə, düz Tanrının dərgahına.
Şirin Lenor qanadlanıb uçub getdi, Ümid yoldaş oldu ona.
Arvadın olacaqdı o yaşasaydı, qalıb indi xatirəsi.
Bax qızılı saçlarına, parıldayır saçında həyat şöləsi.
Saç canlıdır, amma gözəl gözlərinə çökübdür ölüm kölgəsi.

"Çəkilin! Gözəl mələyim orda qalmaz, yeraltını yarıb çıxar,
Cəhənnəmdən keçib gedər, uzaqlaşar, Cənnətdə yerini tapar.
Məskunlaşar öz yerində, Yaradanın qızıl taxtının yanında.
Onun ruhu azad oldu dünyanın lənətəgəlmiş zindanından.
Zənglər də çalınmasın, sussun əbədi, matəm saxlamayacağam.
Qəlbim işıqla doludur, sevinclidir, ümidlidir, tapıb aram.
Lenorun xatirəsinə şən nəğmələr oxuyuram".

İzahlar

[redaktə]
  1. Qızıl badənin sınmağı - məcazi mənada ölümə işarədir
  2. Stiks çayı - Yunan mifologiyasında, Aidin yeraltı səltənətində axan çaylardan biri
  3. Qay de Vir - Lenorun sevgilisi
  4. Peccavimus - Tövbə etmək (latınca)