Məzmuna keç

Mürəbbe

Vikimənbə saytından
Mürəbbe
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ğeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?!
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Ləhzə-ləhzə müddəiler pəndini guş eylədin,
Qanə-qanə ğeyr cami-şövqünü nuş eylədin,
Varə-varə əhdü peymani fəramuş eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Ğeyrə salıb mehrini bizdən sovutdun aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə ğəmxarlıq.
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Çərx tək bədmehrlik rəsmini bünyad eylədin,
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
Dönə-dönə bizi ğəmnak, özgəni şad eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Könlümüz minbəd zülfünçün pərişan olmasın,
Bağrımız ləlin həvasilə dəxi qan olmasın,
Bivəfasən! Çeşmimiz yadinlə giryan olmasın,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

Vədeyi-vəsl ilə aldın səbrimiz, aramımız,
Olmadı bir gün vüsalından müyəssər kamımız.
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!