Məzmuna keç

Müxənnət

Vikimənbə saytından
Müxənnət (1953)
Müəllif: Səməd Vurğun
Mənbə: Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005

"Kirpi"! Bir müxənnət tanıyıram mən,
Yəqin tanıyırsan birini də sən.
Vaxtında ellərə xəbər verməsən.
Qudurub həddini aşar müxənnət.
Yüz il də gizlənib yaşar müxənnət…



Sən birinin ayağını yalardın,
Yüz birini quduz kimi dalardın.
Ürəkləri, beyinləri talardın,
Yaman getdi.., getdi "şefin", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

Gözlərində iki parça buz donub,
Anan səni yaman uğursuz doğub,
De, əllərin neçə günahsız boğub?
Yaman getdi, getdi "şefin", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

"Yuxarı"da it kimi yallanırdın,
Yeyib-içib yaxşıca hallanırdın,
"Aşağı"nın üstə naxallanırdın.
Yaman getdi… getdi "şefin", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

"Səssiz!" — deyib başqasını sıxardın,
Özün evdə lap cıdıra çıxardın.
Min daş atıb aşiyanlar yıxardın.
Yaman getdi… getdi "şefin", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

Yalanları qılınc kimi yağladın,
Ürəkləri, ciyərləri dağladın.
Evlər yıxıb, hey qapılar bağladın.
Yaman getdi… getdi "şefin", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

Vurğun ellər aşiqidir əzəldən,
Ellər olur hər müşkülü düzəldən,
İndi başın yumruq yeyir yüz əldən,
Olmayacaq bir də "şefin", müxənnət,
Din necədir indi kefin, müxənnət?..