Məhkum Şərqə
Məhkum Şərqə Müəllif: Cəfər Cabbarlı |
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşürkən,
Övladın əsarətdə, yazıq, can çəkişirkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcaba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayi-həyata həvəsin yox,
Tərpənmədəsən kölgətək, amma nəfəsin yox,
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox,
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad,
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun,
Hər millət öz azədəliyin qurşuna mədyun.
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, lavəməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!