Mənəm (Haşım Tərlan)
Görünüş
| Mənəm Müəllif: Haşım Tərlan |
Çox da öz elimdə, vətənimdəyəm.
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danişsam da mən,
Dili xəncər ilə kəsilən mənəm.
Suleyman Rüstəmə dərd olub vətən,
Göz yaşı ələnib şerlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.
Bilirəm, bilirsən nədir kədərim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada yan-yana düzülən mənəm.
Qan qardaşım deyir keçdin varından
Ah çəkdi baxdıqca öz diyarından.
Zəmanın eybəcər barmaqlarından
Babəkin al qanı süzülən mənəm.