Məzmuna keç

Mən (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.74-75

Övladi-Məhəmməd, nəsli-əladan
Almışam qeybdən bir nişanı mən.
Rücum bəli deyib qalu-bəladan,
Bəyənmişəm doğru yol-ərkanı mən.

Zatım da nəcibdi, özüm də nəcib,
Dərd əhliyəm, necə yoxdu bi təbib.
Rəsuli-mükərrəm, xaliqə həbib,
Tutmuşam ürəkdə Mustafanı mən.

Qılınc çəkməsəydi bir Düldülsüvar,
Olmazdı Məhəmməd dini aşikar.
Vəliyyi-xaliqdi, şiri-kirdigar,
Haqq iman bilirəm Mürtəzanı mən.

Onu tərif edib haqq olan Allah,
Etiqadı olan aparır pənah,
Neçə ki ömrüm var, heç olmaz kütah,
Min də vəsf eyləsəm o mövlanı mən.

Necə xələl qatım əmri-sübhana,
Lazımdı tanımaq hər bir insana.
Uymayın dünyada həcvü hədyana,
Allam çoxlarından imtahanı mən.

Aşıqlar düşübdü şeytan yoluna,
Baxınız onların fəndü felinə!?
Bircə haqq kəlməsi gəlməz dilinə,
Görmüşəm yaxşını, həm yamanı mən.

Yazıbdı bir xaliq onu gözümə,
Hər gəda bir hədyan deyir üzümə,
Hər kəs inanmasa mənim sözümə,
Göstərim Quranda hələtanı mən.

Novrəs İman gəlib bu fənaya bəs,
Mənim işim qana bilməz bircə kəs,
Oynamır məxluqat, ha çəkirəm səs,
Axtarıram yeni bir cahanı mən.