Məzmuna keç

Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm

Vikimənbə saytından
Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm
Müəllif: İmadəddin Nəsimi


Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,
Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,
Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

Aləmül-qeybin süfatı məndən oldu aşikar,
Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,
Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

Ümmühat ilən nə var abaya olmasa xələl,
Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.

Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,
Talibi-didari-yaram, şadimanam, xürrəməm.

Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,
Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.