Mənim protestom
| Mənim protestom Müəllif: Almas İldırım |
Cəmiyyəti Əqvama açıq məktub
Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,
Bir millətin fərdiyim, mənim də bir səsim var.
Dağları al qanımla boyanmış bir ölkədə
Anlasan yaşamaqçın nə qədər həvəsim var…
Onun "rus" dediyi yer torpağımdır, daşımdır,
Onun başındakı tac mənim dövlət quşumdur.
Jenevdə sunduğu mey, о mənim göz yaşımdır,
Eh, bilsəydin başımda nə bəlam, nə yaşım var.
Bakı… О mənim Kəbəm, о mehrabım, о yurdum,
Yolunda qanlı çara illərcə qarşı durdum.
Rus zəncirini ilkin mən çeynədim, mən qırdım,
Dünyaya müjdə yazdım: azad bir Qafqasım var…
Bir gün bir "dost" göründü, bizə bir badə sundu,
Sundu da, başımıza "tülkü" getdi, "qurd" qondu.
Yandı əməlim, eşqim, vətənim, oda yandı…
Ortada qan, püxtə leş, atəş, kül, duman qaldı.
Tfu… tarixə tfu… tərsinəmi dolandı?
Ölkəmiz parçalandı, bağrına od qalandı,
Millətlərin naminə zəngin ellər talandı.
Dağlara əks edən səs: yalnız ah, aman qaldı…
Artıq о nazlı eldə tütəcək bir ocaq yох,
Annələrin göz yaşı azmayan bir bucaq yох,
Eyvah ki, baş qoyacaq nə bir diz, nə qucaq yох,
Anladıq ki, dünyada yaxşı yох, yaman qaldı…
Dinlə, sən ey dünyanın haqq arayan dik başı,
О bir vəhşi hökmdar, içdigi qan mənimdir.
Bir quldur bir zənginin olurmu arxadaşı?
Sana bir can verirsə, əlbət о can mənimdir.
Mənimdir о saçdığı altun, para, çalınmış…
Məclisdə haqqım diyor, о haqq məndən alınmış,
"Moskov" deyib keçməyin, ayaqlara salınmış,
Varı-yoxu talanmış Azərbaycan mənimdir.
Dünya bilir bu haqqı, neçin nədən danılır?
Onun çapqın olduğu həp içindən tanınır.
Millətlərin düşməni bir dövlətmi sanılır?
Ona qarşı hər zaman kəskin üsyan mənimdi
Dinlə, sən ey cahana haqqı göstərən masa,
Dağıstanlı, gürcülü hakim bizik Qafqasa.
Aləmə xəbər olsun, о gər bizim olmasa,
Yolunda töküləcək son damla qan mənimdir.
Verin mənə yurdumu olsun cənnət bucağı,
Bir dövlət qurayım ki, sülhün doğma ocağı.
Başında dalğalansa üç boyalı bayrağı,
О zaman zənn edərəm bütün cahan mənimdir.
Buraxın qoca Şərqi bir az da yaşasın hürr,
Yetər ki, əsrlərin altında oldu əsir,
Dünya istiqlal deyir, bu onun da haqqıdır.
Bu uğurda yenilməz qüvvət, iman mənimdir.
Buraxın parçalansın zülmün haqsız yapısı,
Silinsin yer üzündən kommunizmin kabusu,
Millətlərə açılsın öz yurdumun qapısı,
İnsanlara hürriyyət! Bu dilək, şan mənimdir!!