Məqsəd nədir

Vikimənbə saytından
Jump to navigation Jump to search
Məqsəd nədir
Müəllif: Cəfər Cabbarlı

İrzaxan, anlat, sükutundan nədir son məqsədin?
Aç nəhayət kartimını, göstər bizə "nəqş”in, "bəd"in.
Dörd yanında söylə bir İranda “ali həzrətin"
"Xəlvəti min tor qurulmaqdan" görüm məqsəd nədir?

Biz yorulduq söyləməkdən, sən “sükuf'dan doymadın.
"Saxladın quyruqda" “gön qaldı", dayandın, "soymadın".
Gər özün “zahir" özünçün "şah" deyə ad qoymadın,
Gizli bu "vişlər burulmaqdan" görüm məqsəd nədir?

"Şah" deyə dünyalara car çəkdi "dostun" Avropa.
Səs salıb İranda da min mürtəce ağbaş supa.
Sən əgər razı deyilsən "toy" ola, həşrin qopa,
Bəs bu “dəf-dunbul" vurulmaqdan görüm məqsəd nədir?

"Yaxşılıq" umduq, "yamanlıq" səndən etdik iddia,
Fal dedin, açdıq, noxud saydıq, nə istərsən daha?
Hər şeyin var bundamı hər işdə var bir intiha;
İstəyirsən söyləyək “mocib sükutəş bər rza",
Yoxsa bu "dinməz" durulmaqdan görüm məqsəd nədir?

Zurna var, dunbul desən var, yoxdur ancaq bir "dəm"in,
Məqsədin şahlıqsa, qıncınma, nə lazım "çəm-xəm"in.
Hər tərəfdə bir "açar" beynində bir çox “sərsəm"in
Gırmağunvari "qorulmaqdan" görüm məqsəd nədir?

Millətə elani-hərb etməkmi fikrin ya deyil?
Söylə! “Millət! İş budur istərsən ağla ya da gül!
Bir görək manqalda bir "şey" vardır; oddur, ya da kül,
Gah kül olmaq, gah qor olmaqdan görüm məqsəd nədir?

Yoxsa fikrindir götürmək "oğru Nadir"dən hesab?
Gün keçib, dövran dəyişmiş, yaxşı bax, alicənab!
Görməyirsən partlayır hər ölkədə bir inqilab?
Ya həqiqətçin kor olmaqdan görüm məqsəd nədir?

Nabələd zad da deyilsən, şükrilillah “ali"sən,
Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən.
Hər "nə” olsan ol, "minəmməzsən" daha hammalı sən,
Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir?