Məriz olduğum halda Xan oğlanın xəyalilə inşa etdügim qəzəl hala xitabdur nəqşdə olan quşa ki yetürsün
Görünüş
| Məriz olduğum halda Xan oğlanın xəyalilə inşa etdügim qəzəl hala xitabdur nəqşdə olan quşa ki yetürsün Müəllif: Xurşidbanu Natəvan |
| Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s. |
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Fəda olum sana, gəl eylə imtəhan, ölürəm.
Fəraqdən gecələr yatmazam səbahə kimi,
Xəyali-zülfünə bağlu gedibdi can, ölürəm.
Bəhari-hüsnün əra gör necə xəzanəm mən,
Bəhar laləsitək bağrım oldu qan, ölürəm.
Vərəq-vərəq dilü can hicrin içrə odlaşdı,
Misali-gəncəfə səd parə oldu can, ölürəm.
Fəda o qamətinə kim, qəza nə xoş gəlmiş,
Qədər büküb belimi, eyləyüb kəman, ölürəm.
Dedin ki, çək əlini damənimdən, əl çəkdim,
Tərəhhüm eyləmədin axır, ey cəvan, ölürəm.
Çəkərdim həsrətini, görmədim,xudahafiz,
Nəzarə eyləmədin, ah, ələman, ölürəm.
O xaki-payini bən aşiyanə etmişdim,
Vətəndən ayrı düşüb imdi laməkan ölürəm.
Fəraqdən tükənib tabü taqətim, billah,
Vüsalə yetməz əlim,zari-Natəvan ölürəm.