Məzmuna keç

Mayıs gözəlinə

Vikimənbə saytından
Mayıs gözəlinə
Müəllif: Almas İldırım


Yeni prоletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə

Başında ipəkdən bir qızıl örpək,
Döşündə lalələr, güllərlə gəlir.
Bir bahar gülüşü mənimsəyərək,
Lentalı, qıvırcıq tellərlə gəlir.

Qarşıya çıxanlar dağılır düzə,
Çökər müjdəçilər önündə dizə,
Verməyə bir xəbər günəşdən bizə,
Nəşəli, seydalı dillərlə gəlir.

Gülüş – simasında pozulmaz bir şan,
Görənlər hüsnünə vermədə min can,
Qulağında sırğa, boynunda mərcan,
Ellər nişanlısı ellərlə gəlir.

İllərlə küsülü qəlbi acıdan,
Ellər sevinc umar qoyduğu tacdan,
Çiçəkli dərədən, zümrüd yamacdan
Dalğın, aşıb coşan sellərlə gəlir.