Meydan mənimdir

Vikimənbə saytından
Jump to navigation Jump to search
Meydan mənimdir
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Məndən salam olsun əcəm oğluna,
Meydana girəndə meydan mənimdir.
Qıratım köhləndir, özüm mərdanə,
Çalaram qılıncı, düşmən mənimdir.

Meydana girəndə meydan tanıram,
Haqqın vergisini hər an qanıram.
Əl verirsə, İran, Turan xanıyam,
Zəbt etmişəm, indi Yəmən mənimdir.

Adımı soruşsan, Rovşən Aloğlu,
Atamdan, babamdan cinsim Koroğlu.
Aldım Hələb, Qeysər, şəhr İstanbulu,
Gün doğandanla gün batan mənimdir.