Millət

Vikimənbə saytından
Millət
Müəllif: Mirzə Əli Möcüz

Çalındı suri-İsrafil vә bidar oldu hәr millәt,
Ayılmır xabi-qәflәtdәn hәlә bu bixәbәr millәt.
Tilu etdi günәş mәğribdәn, әhli-şәrq qafildir,
Apardı feyzi-nuri şәmdәn ol bәxtәvәr millәt,
Nicumi-cәhl binur eylәdi elmü hünәr nurin,
Fәzayi-qәrbdә birlәşdi xurşidü qәmәr, millәt.
Dağıldı pәnbeyi-mәnquş tәk övhami-İstambul,
Cәhalәt mәrkәzi çökdü, yer oldu ayrı yer, millәt!
Qiyamәt qopdu, yahu, köhnә dünya tarümar oldu.
Quruldu tazә alәm, aç gözün, eylә nәzәr, millәt!
O hansı elmdir-elmi ki, icad etdi telfuni,
Soruş hәr yerdәn istәrsәn, sәnә versin xәbәr, millәt,
O elmin qüvvәsilә xәlq olundu çap maşini,
Basar saәtdә övraq üstünә min cür әsәr, millәt.
O hansı elmdir-elmi ki, tәxsir etdi әflaki,
Nә xoşdur mәrkәbü-balun ilә seyrü sәfәr, millәt.
O elmi ki, çiraği-bәrq ilә zülmati-dünyanı
Münәvvәr qıldı, rövşәn oldu şәb, misli sәhәr, millәt.
O elmi ki, hәdidә verdi can, hәml etdi әsqalı,
Xilas oldu mәşәqqәtdәn bәşәr, hәm kavü xәr, millәt.
Haman elmi ki, gәldi nitqә ahәnparә insan tәk,
Qulaq ver, gör nә xoş sәslәr gәlir, xuninciyәr millәt.
O hansı elmdir-elmi ki, yardı, sineyi-xaki,
Çıxartdı mәdәni neftü zoğalü simü zәr, millәt.
O elmi ki, gәzәr insan balıq tәk qәri dәryadә,
O elmi ki, keçәr bәhri-mühiti bixәtәr, millәt.
Tәnabi-elm ilә beş yüz kürur Hindusitan әhlin,
Necә gör bağlayıbdır qol-qola bir müxtәsәr, millәt.
O elmi ki, çuğundur rişәsi tәbdil olur qәndә,
Mәgәr zәnbil ilә göydәn әnәr çayü şәkәr, millәt?
Hәram etdi sizә tәhsili-elmi alimi-cahil,
Binayi-elmi yıxdı, eylәdi zirü zәbәr, millәt.
Cәhalәt eylәdi İranı viran, millәti fәhlә,
Neçün mәzlumdur, yarәb, bizim bu dәrbәdәr millәt!
Bu ahü-vah daim yerdә yatmaz, xakriz olmaz,
Kәsәr mәzlumun ahı gec, vәli karlı kәsәr, millәt!
Ayıl, ey yadigari-Bәhmәnü Şapurü Keyxosrov,
Ayıl, ey varisi-Nuşirәvani-dadigәr millәt!
Әmudi-elmlә әz kәllәsin cәhlin, cәhad eylә,
Cәhalәt xәsmi-candır, mari-әfidәn betәr, millәt!
Tәәssüf bisәmәrdir, çün keçәn-keçdi, köçәn-köçdü,
Ayıl, bundan sora qoyma keçә ömrün hәdәr, millәt!
Ümidin kәsmә, mәyus olma istiqbali-millәtdәn,
Tamam eylә sözün, Möcüz, ayılmış bir qәdәr millәt!