Musiqi alətləri (tapmaca)

Vikimənbə saytından
Tapmacalar Musiqi alətləri haqqında
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Tapmacalar. Bakı,2004


Ağac için ovaram,
Düz ağzıma qoyaram.
(Zurna).

Ağacda var bağırsaq,
Yel babanı çağırsaq,
Ağzın açıb ney çalır,
Süleymanı çağırsaq.
(Kaman).

Altı cəhənnəm,
Üstü düzəngah,
Qulaqları üç,
Saçları ülgüc.
(Saz).

Çömçə başı məndiri,
Belində var kəndiri,
Milçək qonsa vızıldar,
Əl dəyəndə sızıldar.
(Saz).

Dərdi qəmdən,
Təni zədən.
Əlin vursan,
Edər fəğan.
(Ney).

Qabırğası var, qanı yox,
Nəfəsi var, canı yox.
(Qarmon).

Qarğı qamış,
Ağza yapış.
Üstü deşik,
Gersi beşik.
(Tütək).

Qoz ağacın oyarlar,
Üstünə tel qoyarlar,
Vaxtsız durub ağlasa,
Qulağını burarlar.
(Kamança).

Ələ alsan ağlayar,
Yerə qoysan kiriyər
(Kamança).

O nədi ki, yetmiş iki dil bilir.
(Saz).

Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində.
(Tar).