Məzmuna keç

Nə üçün

Vikimənbə saytından
Nə üçün
Müəllif: Almas İldırım


Mən artıq nə yazım yurduma dair,
Düşmən zəhər saçır, dostlar gizlənir.
Bilməm öz yurdunu sevən bir şair
Nə üçün bir cani kimi izlənir?

Gizli yol kəsmədim, qaçaq olmadım,
Sakit bir həyatı pоzmadım mən ki,
Heç kimə qanlı bir bıçaq оlmadım,
Heç bir qətlə fərman yazmadım mən ki...

Bəs neçin qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım, mən ki bоğuldum...
Məlun bir zamanda, məhkum bir ildə
Allahım, mən neçin şair doğuldum?..