Məzmuna keç

Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!

Vikimənbə saytından
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)


Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!
Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!

Dili bülbül, ləbi mey, xali fülfül, zülfləri sünbül,
Mələkxu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin!

Yüzüm xaki-rəhində fərşdarəm, xoş qədəm basdın!
Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin!

Xəyalım gülşəninə sayə saldın sərv qəddindən
Açıldı səbzələndi laləzarım, sən səfa gəldin!

Vidadi xəstə tək düşmüşdü biaram can sənsiz,
Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin!