Məzmuna keç

Nə saqisən, yar

Vikimənbə saytından
Nə saqisən, yar
Müəllif: Şair Əbülfət
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Könül məclisində bir sultan kimi
Durubsan qəsdimə nə saqisən, yar!?
Gahdan bir şirinsən, gahdan bir acı,
Gah da heç bilmirəm, nə saqisən, yar!

Xəstəyəm, bu dərdə nəsə qalmışam,
Nə ölüb, nə itib, nə sağalmışam.
Günahkar bir qulam, nəsə qalmışam,
Yetirmə nasaqı, nasaqisən, yar!

Könlüm pərişandı, nə dağı dağdı,
Bimürvət dünyada, nə dağı dağdı.
Əbülfət, yolunda nə dağı dağdı,
Xəstəyəm, dərmanı nə saqisən, yar!