Məzmuna keç

Nə xoşdur bir güləndamın başın almaq qucaq üstə

Vikimənbə saytından
Nə xoşdur bir güləndamın başın almaq qucaq üstə
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Nə xoşdur bir güləndamın başın almaq qucaq üstə,

Müsəlsəl zülfünə etmək tamaşa gül yanaq üstə,

Etmək şirin təkəllüm hər dəm, bir xoş səyaq üstə,

Səmənsa telləri misli-bənövşə tər buxaq üstə,

Öpüb məstanə çeşmindən, qoymaq dodaq dodaq üstə,

Verər çox nəşə dimağə qoşa gəzmək ayaq üstə.


Götürüb tellərin hər dəm ruyindən kənar etmək,

Heyrət gözüylə baxıb, camalına güzar etmək,

Içirdib badeyi-gülgün, qılıb məstü xumar etmək,

Açılsa sinədən bəndi necə olur namusü ar etmək,

Görünsə iki şamamə yetişmiş tazə tağ üstə.


Edib yüz naz ilə əfşan, açıb geysulərin hörmək,

Gəhi işvə, gəhi qəmzə, gəhi vəqt oynayıb gülmək,

Gəhi öpmək, gəhi qucmaq, gəhi dəm oynayıb gülmək,

Durub min şövq ilə baği-vüsalından gülün dərmək,

Üz üz üstə, qolu boynunda ola yatmaq damağ üstə.


Girib səhni-gülüstanə dolanmaq naz ilən bağı,

Tutub nazik əlin gəzmək gəhi solu, gəhi sağı,

Görəndə ağlaya yüz qan ləbində qönçə yaprağı,

Urubdur bəndi-zəncirə siyəh xal əhli-üşşaqı,

Qurib dəstə, çəkib ləşkər getmək şəhri-Əraq üstə.


Çəkib bir künci-pünhanə, edəsən eyş ilə işrət,

Yanınca mütribi-xoşhal edə şamü səhər söhbət,

Sevəsən bir gülüzarı, görəsən dünyada ləzzət,

Mədədi öldürür, yaran, belə dərdü belə möhnət,

Görübdür bivəfa gülün bu gün bu xari-zağ üstə.