Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/120-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
119-cu xütbə Nəhcül-bəlağə. 120-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
121-ci xütbə


İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə baş vermiş «Hərir» gecəsi hadisəsindən sonra buyurduğu) kəlamlarındandır. (Hadisə haqda otuz altıncı xütbənin şərhində yığcam məlumat verilmişdir. Şam ordusu məğlub olub İraq qoşununda qələbə və fəthin nişanələrini gördükdə Əmr ibn Asın məkri, hiyləsilə döyüşdən əl çəkdilər və Qur’anları nizələrinə sancaraq iki hakimin qəzavətini xahiş etdilər. İraq qoşununun çoxu xahişi qəbul etsə də, İmam əleyhis-salam buna razı deyildi və onları xahişin qəbulundan çəkindirdi. Onlarsa çox israr edərək «onların xahişini qəbul etməsən, Osman ibn Əffanı öldürdüyümüz kimi səni də öldürərik» dedilər. Həzrət onların israrı və çirkin sözlərinin nəticəsində hakimliklə razılaşaraq ordusuna onu qəbul etməyə icazə verdi.) Səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi (iki hakimin) qəzavətə razılaşmaqdan çəkindirib sonra ona əmr etdin. Başa düşmədik ki, bu iki əmrdən hansı doğru yola, hidayətə daha yaxındır? İmam əleyhis-salam əlini əlinə çırparaq buyurdu: Bu (heyrət və sərgərdanlıq) ayıqlıq və ehtiyatını əldən verən kimsənin (sözümə tabe olmayaraq iki hakimin-yəni, Əbu Musa və Əmr ibn Asın hakimliyini qəbul etməyə məni vadar edənin) cəzasıdır!! Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmamağınızı əmr etdiyim vaxt sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi (nəsibiniz fəth və qələbə idi) meylinizin isə olmadığı bir işə (Şam əhli ilə döyüşə) vadar etmişdim. Müqavimətiniz olsaydı (mənim ardımca gəlsəydiniz), sizə yol göstərərdim, əyri olsaydınız, düzəldərdim. Məndən (mənə itaətdən) imtina etsəydiniz, sizləri məcbur edərdim (əmrlərimi yerinə yetirməniz üçün sizi öldürər və ya zülm verərdim). Bu yolun hər anı (mənim və sizin üçün) əminlik idi, ancaq kimin köməyi, yoldaşlığı ilə? Kimdən yardım istəməklə? Sizin özünüz mənə dərd və xəstəlik (məğlubiyyətimin səbəbkarı) olduğunuz halda sizinlə (köməyiniz və yoldaşlığınızla məğlubiyyət və düşmənin özümə hakim kəsilmək xəstəliyini) müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm. İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar (bu qövmün doğru yola yönələcəyinə ümidimiz yoxdur, Sən Özün əlac qıl). Hanı İslama çağrılanda onu qəbul edənlər, Qur’anı oxuyub onu möhkəmləndirənlər (ona uyğun əməl etdilər) və cihada ruhlandıranlar (onları təşviq etdilər). Sonra (düşmənlə döyüş, müharibə meydanına getməyə) aşiq oldular, dəvələr (onları bir-birindən ayıranda) balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını (döyüş meydanını) bürüdülər. (Düşməni mühasirəyə aldılar. Bu fəthlər və qələbələr müsəlmanlara yalnız ona görə nəsib oldu ki,) bəziləri həlak oldu (öldürüldü), bəziləri isə sağ qaldı. Sağ qalmalarına (döyüşdə ölmədiklərinə) sevinməzlər. (Desəydilər «filankəs döyüşdən sağ çıxıb», buna sevinməzdilər. Çünki əbədi həyatı haqq yolunda ölməkdə görürdülər.) Ölənlərə görə başsağlığı istəməzdilər. Gözləri (Allahın xofundan) ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı (izləri) əyləşdi. Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. (Çünki sizin aranızda onlar kimiləri tapılmaz.) Şeytan öz yollarını (azğınlığı) sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir (ki, nəticədə haqdan əl çəkib kafir olasınız). Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin (ona aldanıb əmrilə oturub-durmayın). Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən (İmam əleyhis-salamdan) onu qəbul edib qoruyun (dünya və axirət səadətini qazanmaq üçün onu qəbul edib əməl edin).