Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/121-ci xütbə

Vikimənbə saytından
120-ci xütbə Nəhcül-bəlağə. 121-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
122-ci xütbə


İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinin iki hakimin qəzavətinə razılıqlarını inkar edib öz sözlərinin üstündə durduqlarına (və Müaviyə ilə, Şam ordusu ilə döyüşə hazırlaşdıqlarına) görə onların qərargahına təşrif apardığı vaxt onlara dediyi kəlamlarındandır. İmam əleyhis-salam sonra buyurmuşdur: «Sizin hamınız Siffeyn döyüşündə bizimlə idinizmi? Dedilər ki, bəzilərimiz olub, bəzilərimiz yox. İmam buyurdu: «İki dəstəyə bölünün. Siffeyndə olanlar bir cərgədə, olmayanlar da başqa cərgədə dursun ki, hər dəstə ilə sözlərinə uyğun danışım. Sonra qışqıraraq camaata buyurdu ki, danışmaqdan çəkinin və sözlərim (eşitmək) üçün sakit olun, ürəklərinizi mənə yönəldin. Hər kimsəni şəhadət verməsi üçün istəsəm, biliyinə və məlumatına uyğun o barədə danışsın. Sonra İmam əleyhis-salam onlara çox mətləbləri, o cümlədən bunları buyurdu: Şam əhli hiylə, kələk və yalanla Qur’anı nizələrinə taxanda «onlar bizim qardaşlarımız, bizim kimi müsəlmandırlar, müharibəni qurtarıb döyüşə son qoymaq istəyirlər, Qur’ana üz tutmuşlar və rahatlıq, asayiş diləyirlər, istəklərini qəbul edib qəm, kədərlərini dağıtmağımız məsləhətdir» demədinizmi? Mənsə sizə dedim: «(Qur’anı nizəyə keçirməklə bizdən sülh istəyən) Şam əhlinin bu işinin zahiri iman, allahpərəstlik, batini isə zülm və sitəmdir. Əvvəli mehribanlıq, sonu peşmançılıqdır. Öz gedişatınızı izləyin, getdiyiniz yolu davam etdirin və (onlarla) cihad, müharibə üçün dişlərinizi bir-birinə sıxın (dözümlü olun ki, qələbə qazanasınız). Fəryad çəkən harayçıya (sizi Qur’anla aldadan Müaviyə və Əmr ibn Asa) fikir verməyin ki, onun istəyi qəbul edilsə, sizi azdırar (həyatınızı ağırlaşdırar və sərgərdan qoyar), saymasanız, zəlil və xar olar. (Lakin sözlərimi və nəsihətlərimi qəbul etmədiniz və) bu iş (iki hakimin qəzavəti ilə razılaşmağınız) baş tutdu və sizləri onda çalışan gördüm. Allaha and olsun ki, iki hakimin qəzavətindən imtina edib onun yükünün altına getməzdim və onun hər vacib işi mənə fərz olmazdı. Allah-təala o işi tərk etməyin günahını mənə yükləməzdi. (Çünki haqqın əleyhinə hərəkət etməmişdim, əksinə, ilahi göstərişə uyğun olaraq bu işə qarşı çıxmışdım.) And olsun Allaha! Əgər bu işi görsəydim, mənə itaət edilməyə layiq olardım və Allahın Kitabı (Qur’ani-Kərim) mənimlədir. Onunla həmsöhbət və yoldaş olandan ayrılmamışam. Sonra (İmam əleyhis-salam Həzrət Peyğəmbərin səhabələrinin iman və dönməzliklərini xatırladaraq müxaliflərin sözlərini rədd etmək üçün buyurur:) Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və (kafirlərlə, müşriklərlə döyüşürdük və) atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. (İslamın irəliləyişi üçün bunlara əhəmiyyət vermir, o böyük şəxsin əmrlərinə qarşı çıxmırdıq.) (Üzləşdiyimiz) hər müsibət və çətinliyə (Allaha və Peyğəmbərə) imandan, haqq iş görməkdən, (o Həzrətin) əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq (indi biz kafir və müşriklərlə çəkişmirik ki, onlarla həmin yolla döyüşək, əksinə,) bu gün küfrə meyl, əyrilik (haqdan əl çəkmək), səhv salınma (haqqın batillə) və (səhv) tə’vil (yəni, haqq-ədalətin ziddinə söz danışmaq) kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük. Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla (ülfət və dostluqla) bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq (sülhə, mehribanlığa və İslamın güclənməsinə səbəb olan yol tapsaq), ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik.