Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/132-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
131-ci xütbə Nəhcül-bəlağə. 132-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
133-cü xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir. Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün. Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).

Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir

Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).