Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/140-cı xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
139-cu xütbə Nəhcül-bəlağə. 140-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
141-ci xütbə


İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır: Layiqlisi budur ki, günahdan uzaq duranlar və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar. Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun. (Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı? Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:) Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)