Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/153-cü xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
152-ci xütbə Nəhcül-bəlağə. 153-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
154-cü xütbə


İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir. Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,) İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bid’ətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq. Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.

Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir

Qur’anın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir. (Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz. Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir. Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.) Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.