Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/171-ci xütbə

Vikimənbə saytından
170-ci xütbə Nəhcül-bəlağə. 171-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
172-ci xütbə


İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir. Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.

Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir

Bir nəfər (Sə’d ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:) Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)

Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir

(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla bey’ətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər. (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə bey’ət etmişdi. Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər. (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)