Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/173-cü xütbə

Vikimənbə saytından
172-ci xütbə Nəhcül-bəlağə. 173-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
174-cü xütbə


İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır. (İndiyə kimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək (və düşmənə qalib gəlmək) vədəsinə arxayınam. (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan və haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi. Əgər (indi öz dilinə gətirdiyi və xalqın arasında yaydığı kimi Osman) məzlum idisə (və onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanın zalım və ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı və xalqı onu öldürməyə həvəsləndirdi) və (indi) yolu tanınmamış və (bey’ətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək və onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.