Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/174-cü xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
173-cü xütbə Nəhcül-bəlağə. 174-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
175-ci xütbə


İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi və öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir. Ey (qiyamət, hesab və sorğu-sualdan) qafil olan, amma (söz və əməl dəftərində heç bir artırma və azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar! Ey (dünyaya aldanmaq nəticəsində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın əmr və qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət və bər-bəzəkləri, eləcə də ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir. And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək və indiki zamandan xəbər verib.) Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.