Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/179-cu xütbə

Vikimənbə saytından
178-ci xütbə Nəhcül-bəlağə. 179-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
180-ci xütbə


İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir. Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?! Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız. Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Qur’anı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı! Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!