Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/181-ci xütbə

Vikimənbə saytından
180-ci xütbə Nəhcül-bəlağə. 181-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
182-ci xütbə


İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir. (Nauf) deyir: Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) Cə’də ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı və ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın mədh və tərifi və qüdrət və gücü, təqva və pərhizkarlığa həvəsləndirmək və dünyaya ürək bağlamamaq barəsində) buyurdu: Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların və işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu və (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin və Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl və bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf və kərəmini etiraf edən və söz və əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin və inamla Ona (Onun fəzl və kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli və səmimi olan, şükr etməklə Onu böyük bilən və (Ondan başqa bir sığınacaq və pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət və səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət və əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir və izzət və böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun. Vaxt və zaman Onu ötməyib. (Çünki O, vaxt və zamanın yaradanıdır.) Artmaq və azalmaq bir-birinin ardınca Onu əhatə etməyib. Bəlkə (göyün, yerin və digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam və möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil və şahidlərindən biri sütunsuz sabit və bərqərar qalmış və dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət və tabeçiliklə dayanıb durmadan və duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq və qəbul, itaət və bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı və bəndələrinin gözəl söz və əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib və qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə də pak və qüsursuzdur o Allah ki, nə zülmət gecənin qaranlığı, nə də gecənin, dərin yerlərin künclərində və bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə və göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin və yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil. Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini və dişinin (döllü olarkən) qarnındakının nə (erkək, yoxsa dişi) olmasını bilir. Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin və insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir və zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür və Onun elminə qəflət yol tapa bilməz.) Əta və bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl və ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı və ona üzv və alətlərsiz, danışıqsız və (boğazda yerləşən və vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış (və Allahın əzəmət və böyüklüyündən) başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş və aciz qalan Cəbraili, Mikaili və Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz və zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil və alətləri var və o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə də Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb və hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir). Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı və (isti və soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş və sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda nə üçün günah və itaətsizliklə Onun nemət və bəxşişlərinə nankorluq edirsiniz? Nə üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən və böyük məqam və dərəcəyə malik olmaqdan əlavə cin və insanlara hakim və padşah idi. (O, dünya və axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü (və o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz və evlər boş qaldı və başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə və onların övladları? Haradadır (Misir şahları olmuş) Fironlar və (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) və zalımların ən’ənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi? Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər və ordu toplayaraq şəhərlər tikirdilər?!

Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir

(İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları əleyhimus-salamın) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. («اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ «Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!»)


İmam əleyhis-salam sonra buyurdu: Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi və canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik və mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!! Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?! Bilin! Dünyanın üz tutanı arxa çevirdi və arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi və onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər və dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər və onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) nə ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi və (dünyada olan) qorxu və vahimədən sonra onları qorxusuz və rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş və (ömürlərini) düzlük və doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn? Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə və digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular və) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar və başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə və tərəfdarlarına) göndərildi? Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı və buyurdu: Heyf və əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Qur’anı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bid’əti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər və başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı: Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin. Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn Sə’di on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə və onlardan başqalarını da başqa sayda qoşunlara əmir və başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məl’un (Allah ona lə’nət etsin) o Həzrəti zərbətlədi. Buna görə də qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş və hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.