Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/196-cı xütbə

Vikimənbə saytından
195-ci xütbə Nəhcül-bəlağə. 196-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
197-ci xütbə


İmam Əli əleyhis-salamın Təlhə ilə Zübeyr onunla xilafətdə bey’ət edib onlarla məsləhətləşməyi tərk etməsi və işlərdə onlardan kömək istəməməsindən şikayətləndikdən sonra, onlara buyurduğu kəlamlarındandır. Həqiqətən siz azdan (məsləhətləşməməkdən və sizə böyük görünən meyl və istəklərinizə uyğun davranmamaqdan) narazı idiniz və çoxu arxaya atdınız. Mənə deyin görüm, sizin nədə haqqınız olub və mən onu sizdən əsirgəmişəm? Yaxud (müsəlmanların beytülmalından) hansı payı özüm götürüb sizə verməmişəm? Yaxud hansı haqq və ixtilaflı məsələ olub ki, müsəlmanlardan biri onu mənim yanıma gətirib və mən onda (onun hökmünü bəyan etməkdə) aciz qalmışam və ya onu bilməyib hökmündə səhv etmişəm? (O adam məsləhətləşər ki, işin yolunu bilmir; köməyi o adam istəyər ki, aciz qalır.) Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma siz məni dəvət edərək ona məcbur etdiniz. Xilafət mənə çatandan sonra isə mən Allahın kitabına (Qur’ani-Kərimə) və bizim üçün (onda) müəyyənləşdirdiyi və onun əsasında hökm çıxarmağımızı əmr etdiyi göstərişlərə nəzər salaraq tabe oldum. Həmçinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) qoyduğu sünnəyə baxıb (onun) arxasınca getdim. Bu barədə sizin və sizdən başqasının nəzər və fikirlərinə möhtac deyildim və elə bir hökm qarşıya çıxmayıb ki, onu bilməyib sizinlə və digər müsəlman qardaşlarla məsləhətləşmə aparım. Əgər belə olsaydı (hökmlərdən hansısa birini bilməsəydim) sizdən və başqalarından üz çevirməzdim (məsləhətləşmə aparardım). Beytülmalın bölüşdürülməsində bərabər və yeksan davranmağımın (sizi digər müsəlmanlarla bərabər bilib heç kəsi digərindən üstün tutmamağımın) səbəbi barəsində dediklərinizə gəldikdə isə (bilin ki): Mən bu məsələdə də öz nəzərim və nəfsi istəklərlə hökm çıxarmamışam. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) gətirərək bərqərar etdiyi hökmlər həm mənim, həm də sizin əlinizdədir (onları dəyişdirmək, əvəz etmək olmaz). Allahın, bölüşdürülməsi və müəyyənləşdirilməsi barəsində göstəriş verdiyi və barəsində hökm imzaladığı şeydə də sizə ehtiyacım yox idi. Buna görə də Allaha and olsun ki, mənim yanımda sizin və sizdən qeyrisinin məndən şikayətlənərək məzəmmət etməyiniz üçün heç bir haqqınız yoxdur. Allah bizim və sizin qəlblərinizi haqqa yönəltsin (ki, söz və əməldə Onun razılığını əldə edək) və həm bizə, həm də sizə səbr əta etsin (ki, dünya və onun malına görə Onun göstərişlərinə zidd davranmayaq).

İmam əleyhis-salam sonra belə buyurdu:

Allah haqqı görüb ona kömək edəni (ona qarşı bir söz danışmayıb bir addım atmayanı) və ya gördüyü zülmün qarşısını alıb zalıma qarşı məzluma yardımçı olanı bağışlasın!