Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/202-ci xütbə

Vikimənbə saytından
201-ci xütbə Nəhcül-bəlağə. 202-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
203-cü xütbə


İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın göylər, yer və dağların yaradılışının heyranediciliyində qüdrət nümayiş etdirməsi və bacarığı barəsində) xütbələrindəndir. Allah-təalanın qüdrət və səltənətinin (nişanələrindən) və Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi. Sonra onlar Rəbblərinin əmri ilə özlərini saxladılar və onlar üçün müəyyənləşdirdiyi yerdə qərar tutdular (dağılaraq bir-birlərindən ayrılmadılar). Qədərsiz mavi su və (Allah-təalanın əmrinə) mütləq şəkildə tabe olan dənizin öz qoynuna aldığı yeri möhkəmləndirdi. Və həmin dəniz, Allahın əmr və fərmanı müqabilində ram, əzəməti qarşısında itaətkardır və Onun qorxusundan onun axması və hərəkət etməsi dayanmışdır. Həmçinin onun (yerin) böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlərdə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütun və dirəyi etdi və yerin mıxları kimi onları ona batırdı. Beləliklə, hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud yükü ilə (suda) batmaqdan və ya bir yerdən digər bir yerə getməkdən durdu. Yeri, suları dalğalandıqdan sonra saxlayan, ətrafı rütubətlənib islandıqdan sonra qurudaraq yaratdıqları üçün rahatlıq yeri edən və onu onlar üçün dərin, sakit, axarsız və hərəkətsiz dayanmış (qoynundakı yeri silkələməmək üçün hamısı birdən öz yerindən hərəkət etməyən) dənizin üzərinə sərmiş Allah hər bir eyb və nöqsan sifətlərdən pak və uzaqdır. Möhkəm küləklər həmin dənizi alt-üst və o tərəf-bu tərəf edir və yağış dolu buludlar (yağmaları nəticəsində) onu hərəkətə gətirir. «Bu nişanələrdə Allah-təaladan qorxan kəs üçün ibrət və öyüd vardır.» (Çünki Allahdan qorxmayanlar onlara diqqət etmirlər.)