Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/207-ci xütbə

Vikimənbə saytından
206-cı xütbə Nəhcül-bəlağə. 207-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
208-ci xütbə


İmam Əli əleyhis-salamın Siffeyndə (eşidənlərə öyüd-nəsihət verdiyi və onların dünya və axirət xeyirlərinin açıqlanması barəsində) buyurduğu xütbələrindəndir. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Allah-təala məni sizə hakim etməklə sizin boynunuzda mənim üçün bəzi haqlar təyin edib. Mənim sizin boynunuzda haqqım olduğu kimi, sizin də mənim boynumda haqqınız vardır. Haqq, vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, əməl etmək zamanı isə ən dar şeydir. Kimin başqasının boynunda haqqı varsa, başqasının da onun boynunda haqqı var. Həmçinin başqasının onun boynunda haqqı varsa, onun da (həmin başqasının boynunda) haqqı var. Əgər birinin, boynunda başqalarının haqqı olmadan başqalarının boynunda haqqı olsa, belə bir haqq ancaq eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha məxsusdur. Onun yaratdıqlarının (hətta peyğəmbərlər və övliyaların Onun boynunda heç bir) belə bir haqları yoxdur. Çünki Onun qüdrət və qüvvəsi vardır. Onun müxtəlif qəza-qədəri hər nə barəsində cari olsa, o, ədalətlidir. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, lütf və kərəminə görə və çox səxavətli, bəxşiş sahibi olduğu üçün itaət etməyi bəndələrin boynundakı Öz haqqı edib və Özünün onların etdiklərinə verdiyi mükafatı bir neçə qat artırıb. Sonra eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz haqlarının bəzilərini, insanların bəzilərinin müqabilində digərlərinə vacib edib və haqları müxtəlif vəziyyətlərdə bərabər müəyyənləşdirib. Onların bəzilərini digər bəziləri müqabilində vacib edib və həmin haqların bəziləri ancaq digər bəziləri müqabilində gerçəkləşir. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vacib etdiyi haqların ən böyüyü valinin rəiyyətin və rəiyyətin valinin boynunda olan haqqıdır. Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah bu hökmü vali ilə rəiyyətin hər birinə vacib edib və onu, onların bir-birlərini sevmələri üçün nizam-intizam və rahatlıq vasitəsi və dinlərinin izzəti edib. Buna görə də rəiyyətin halı, hökmdarların gözəl rəftarlarından başqa bir şeylə yaxşılaşmır. Həmçinin hökmdarların halları rəiyyətin onların göstərişlərini yerinə yetirməkdə əzmkarlıq göstərmələrindən başqa bir şeylə yaxşılaşmır. Buna görə də rəiyyət valinin və vali rəiyyətin haqqını əda etsə, aralarındakı haqq möhtərəm, dinlərinin qayda-qanunları bərqərar, ədalət və düzlüyün nişanələri bərpa və sünnələr (Həzrət Peyğəmbərin hökmləri) öz yerində icra olar və onun nəticəsində dövran düzələr, dövlət və hökumətin daimiliyinə ümid bəslənilər və düşmənlərin tamahları yoxa çıxar (yadlar onlara hakim ola bilməzlər). Əgər rəiyyət valiyə qalib gəlsə (onun əmr və çəkindirmələrini yerinə yetirməsə), yaxud vali rəiyyətə qarşı həddi aşaraq zülm etsə, onda söz ayrılığı baş verər (sözləri bir olmaz və onlar bir-birləri ilə yekdil olmazlar), zülm nişanələri üzə çıxar, dində fitnə-fəsadlar çoxalar və sünnəyə əməl etmək tərk edilər. Beləliklə, nəfsi istəklərə əməl edilər və şəriətin hökmləri icra edilməz. İnsanların dərdləri (oğurluq, qan tökülməsi, təhlükə, bahalıq və çətinlik) çoxalar və böyük haqqın əda edilməməsi və batil və nahaqqın həyata keçməsi üçün heç kəs kədərlənməz. Nəticədə həmin zamanda yaxşı əməl sahibləri xar, pis əməl sahibləri isə möhtərəm olarlar və (günahların saysız-hesabsız olmasına görə) Allahın, bəndələri məsuliyyətə alması çoxalar. Buna görə də həmin haqqın əda edilməsində sizlər bir-birlərinizə öyüd-nəsihət verin və kömək edin (ki, nəticədə dünya və axirət səadət və xoşbəxtliyini əldə edəsiniz). Çünki heç kəs Allaha layiq itaət və tabeçiliyin həqiqətinə çatmır, hətta Onun razılığını qazanmağa həris olub əməl və bəndəlikdə çox çalışsa belə! Amma Allahın bəndələrə vacib etdiyi haqlardan biri də onların öz aralarında imkan olan və gücləri çatan qədər haqqı icra etmək üçün bir-birlərinə öyüd-nəsihət vermələri və kömək etmələridir. Heç kəs - hətta məqam və dərəcəsi hər nə qədər böyük olsa və dində üstünlüyə malik olsa belə, Allahın Öz haqqından ona kömək edilməsini vacib etdiyi yardımdan ehtiyacsız deyil. (Buna görə də haqq yolda və ona vacib olan şeydə başqasının yardımına ehtiyacı olmayan bir kimsə yoxdur.) Həmçinin heç kəs, hətta xalqın kiçik saydığı və gözlərdə balaca görünən şəxs, haqqın əda edilməsində başqasına yardım göstərməkdə və ya onun özünə yardım göstərilməsində əhəmiyyətsiz deyil. Sonra (həmin vaxt) o Həzrət əleyhis-salamın səhabələrindən biri uzun bir söhbətdə o Həzrətə cavab verib onu çox təriflədi və İmama, eşitdiklərinə tabe olduğunu bildirdi. Sonra İmam əleyhis-salam buyurdu: Yanında Allahın cəlalı böyük olan və qəlbində Onun məqamı uca olan kəsin gözündə Allahın böyüklüyü və yüksək məqamlılığına görə Ondan başqa hər bir şey kiçik görünməyə layiqdir. Belə olmağa daha layiqli (Allahın böyüklüyü müqabilində heç bir böyüklük görməməli) kəs, barəsində Allahın neməti çox olan və Allahın gözəl ehsanlar etdiyi kimsədir. Çünki Allah kimə çox nemət veribsə, Allahın onun boynunda olan haqqının böyüklüyü də artıb. Saleh insanların gözündə hökmdarların ən pis vəziyyətləri onların öyünməyi və özlərini tərifləməyi sevmələrinin güman edilməsi, həmçinin onların əməllərinin lovğalıq və özündən razılıq kimi başa düşülməsidir. Mən sizin mənim, tərifləməyi və (sizdən) tərif eşitməyi sevməyimi güman etməyinizi xoşlamıram. Allaha şükr olsun ki, mən belə deyiləm. Əgər özümün mədh edilərək təriflənməyimi sevsəydim də, bu istəyimi əzəmət və böyüklüyə daha layiq olan, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha təvazökarlığa görə tərk edər, özümdən uzaqlaşdırardım. İnsanların çoxları bir işdə çalışıb səy göstərdikdən sonra mədh və tərifi şirin hesab edirlər. Amma hələ qalmış və yerinə yetirmədiyim haqlar və icrasında naçar olduğum vacibi əməllərin müqabilində Allaha itaətimə və sizinlə xoş rəftarıma görə mənə gözəl təriflər deməyin. Mənə zülmkarlara (xoş gəlmək üçün) deyilən sözləri deməyin. Qəzəbli insanlardan (qəzəblənmələrinə görə) çəkinərək gizlədilən şeyləri məndən gizlətməyin. Zahirdə dostluq göstərmək, yaltaqlıq və (dil ilə) rüşvət verməklə mənimlə ünsiyyətdə olmayın. Mənim barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən özümü böyük tutmaq istəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi davranmağınızı istəmirəm.) Çünki deyilən haqq sözü və ya təklif edilən ədalətlilik və düzlüyü ağır sanan kəsə haqq və ədalətə əməl etmək daha ağırdır. Buna görə də haqqı deməkdən və ya ədalətli məsləhətlərdən çəkinməyin. (Qorxub çəkinmədən mənimlə haqq söz danışın, düzlük və ədalət hesab etdiyiniz şeyi bəyan edin.) Çünki mən, Allahın mənim nəfsimə daha malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam. (Buna görə də buyurur:) Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. (Buna görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq etməkdir.) O bizi (içində) olduğumuz nadanlıqdan çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.