Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/215-ci xütbə

Vikimənbə saytından
214-cü xütbə Nəhcül-bəlağə. 215-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
216-cı xütbə


İmam Əli əleyhis-salamın (öz vəsfindəki) kəlamlarındandır (ki, onda zülm, sitəm və haqsızlıqdan uzaq olmasını bəyan edib). And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətikanının üstündə oyaq keçirməyim və (əl, ayaq və boynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən (cavanlıq və güclülüyü çox tez qocalıq və zəifliklə əvəz olan) və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?! And olsun Allaha, (qardaşım) Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan (beytülmaldan) bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gördüm, sanki üzləri mavi rənglə (indiqo ilə) qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun arxasınca gedəcəyəm (hər nə desə yerinə yetirəcəyəm). Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu (az) əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. (Bu hədiyyəni gətirməkdən məqsədi batil olduğu və əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən (və onun dünyanın fitnə-fəsadlarını başa düşməkdən xəbərsiz qalmasından) və sürüşmənin (və azğınlığın) çirkinliyindən Allaha pənah aparıram və (bütün hallarda) ancaq Ondan kömək diləyirəm.