Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/221-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
220-ci xütbə Nəhcül-bəlağə. 221-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
222-ci xütbə


İmam Əli əleyhis-salamın (pərhizkarlığa yiyələnmək və ölüm haqqında, eləcə də dünyaya aldanmamaq barəsində buyurduğu) xütbələrindəndir. Pərhizkar olmaq və Allahdan qorxmaq (dünya və axirətdə) hidayət və nicat açarı, qiyamət günü üçün azuqə, hər bir əsirlikdən (şəhvətlər və nəfsi istəklərdən) azadlıq vasitəsi və hər bir məhvdən qurtuluşdur. Təqva ilə hacət istəyənin diləyi rəva olur, (əzab və çətinlikdən) qaçan nicat tapır və (Allah-təaladan) çoxlu əta və bəxşişlər əldə edilir. Buna görə də indi ki, əməl yuxarı qalxır (qəbul edilir), tövbə və (günahdan) qayıdış xeyir verir, dua eşidilir (hacətləri qəbul edirlər), dinclik və rahatlıq vaxtıdır (arada ölüm iztirabı və nigarançılıq yoxdur) və qələmlər (yaxşı və pis əməlləri yazanların qələmləri) işləyir (öləndən sonra işdən düşən kimi deyil) iş görün (axirət səfəri üçün azuqə götürün). (Cavanlıqdan qocalığa, güclülükdən zəifliyə) dəyişən ömrün, yaxud (işdən) saxlayan xəstəlik və dərdin və ya (həyatı) oğurlayan ölümün müqabilində ibadət və itaətə tələsin! Çünki ölüm sizin sevinc və ləzzətlərinizi məhv edərək istəklərinizi yox edəcək və düşüncələrinizi uzaqlaşdıracaq. O, sevilməyən görüşçü, (hər nə qədər şücaətli və güclü olsan da) məğlub olmayan mübariz və sorğu-suala tutulmayan intiqamçıdır. Onun tələləri sizi tutub, qəm-qüssə və həlakətləri sizi əhatə edib, (oxlarının) ucları sizi hədəf alıb, üstünlük və qüdrəti aranızda əhəmiyyətlidir və zülmü ardıcıl olaraq sizə çatır. Qılıncının zərbəsinin boşa çıxması çox az mümkündür. Buna görə də kölgələrinin qaranlığının, dərdlərinin şölələnməsinin, çətinliklərindən yaranan özündən getmələrin tutqunluqlarının, dərdlərin canı almalarının, qara geyindirmələrinin və pis dadı daddırmasının sizi haqlaması yaxındır. (Ölüm istəyib-istəməməkdən asılı olmayaraq hamını tapacaq) sanki qəflətən sizin yanınıza gəlib, sir danışanlarınızı susdurub, müşavirlərinizi dağıdıb, nişanələrinizi məhv edib, şəhərlərinizi sahibsiz qoyub və varislərinizi, irslərinizi (həmin vaxt sənə) xeyri olmayan məxsus qohumlar, (sənin ölümünün) qarşısını almayan qəmli qohumlar və (sənin ölümündən) kədərlənməyən xoşhallar arasında bölüşdürmək üçün göndərib. Belə isə (itaət və bəndəlikdə) səy və təlaş edin və azuqə götürülən yerdə (axirət səfərinə) hazır olaraq azuqə götürün. Dünya həyatı keçib gedənlərinizi aldatdığı kimi sizi aldatmasın. O kəslər ki, onun südünü sağdılar (ondan çox bəhrələndilər), ona aldandılar (ləzzət və şadlıq onları qiyamət gününün hesabından qafil etdi), onun sayını ləğv etdilər (günlərini qəflət və xəbərsizliklə sona çatdırdılar) və onun təzəsini köhnəltdilər (cavanlığı qocalığa çatdırdılar). Evləri gorlar, var-dövlətləri isə başqalarının mirası oldu.Qəbrlərinin üstünə gələni tanımazlar, onlara ağlayana əhəmiyyət verməzlər və onları çağırana cavab verməzlər. Buna görə də dünyadan çəkinin. Çünki o, çox hiyləgər, aldadan və ələ salandır. O, bağışladığını geri alan və geyindirdiyini soyundurandır. Onda olan rahatlıq həmişəlik deyil və onun çətinlikləri sona çatmır, dərd-bəlası sakitləşmir. (Buna görə də ağıllı adam belə bir dünyaya ürək bağlamaz və mümkün olan qədər Allah və Peyğəmbərin razılığını əldə edər.)

Bu da həmin xütbənin zahidlər barəsindəki bir hissəsidir

Zahidlər (zahirdə) dünya əhlindən olan, amma (batində) onun əhli olmayan bir dəstədirlər. Buna görə də dünyada onun əhli olmayan kəs kimidirlər (çünki ona ürək bağlamayır, onu müvəqqəti ev sanırlar). Onların dünyadakı əməlləri (ölümdən sonra) gördükləri şey üçündür. Qorxduqları əzabı dəf etməyə tələsirlər. (Dünya əhli ilə oturmalarına baxmayaraq, əslində) bədənləri axirət əhli arasında seyrdədir (iş-gücləri onlarladır). Dünya əhlinin, bədənlərinin ölməsinə əhəmiyyət verməsini görərlər. Onlar isə öz diri qəlblərinin ölməsinə əhəmiyyət verərlər. (İnsanların həmişə qalacaq qəlbi buraxıb fani bədənə yapışmalarını görərlər. Amma onların fikirləri bu olar ki, qəlbin ölməsinə nə səbəb olub və ona çarə qılmaq üçün nə etməlidirlər.)