Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/227-ci xütbə

Vikimənbə saytından
226-cı xütbə Nəhcül-bəlağə. 227-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
228-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsində və Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhindəki) xütbələrindəndir. Şükr o Allaha layiqdir ki, hiss və duyğular Onu (Onun zat və həqiqətini) dərk etməz, məkanlar Onu əhatə etməz, gözlər Onu görməz və pərdələr Onu örtməzlər. Və yaratdıqlarının yaranması və zahir olması ilə Öz vücudunun qədimlik, əbədilik və varlığına dəlildir. Həmçinin yaranmışların bir-birlərinə oxşamaları Onun bənzərinin olmamasına dəlildir. O, Öz vədinə əməl edən və bəndələrinə zülm etməkdən uzaq olan Allahdır. Yaratdıqları ilə ədalətlə davranır və Öz hökmünü onlara düzlük və doğruluqla icra edir. Əşyaların hadis (sonradan yaradılmış) olmaları ilə Öz əzəliliyinə, onların nişanələri etdiyi acizlikləri ilə Özünün qüdrətliliyinə və onların naçarlıq üzündən barəsində narahat olduqları fanilikləri ilə Öz əbədiliyinə (ağıllardan) şahidlik etmələrini istəyib (ki, onlar hər bir hadis və yaradılmışın yaradanının olması və Allahın hadis olmaqdan və naqislikdən pak və uzaq olması qərarına gəlsinlər). O, bir və təkdir, amma ədəd və say əsasında olan birlik və təklik yox! Həmişə olub və var, amma müddət və zaman hesabı ilə yox! (Çünki zamanın yaradıcısı Odur.) Durub və bərqərardır, amma sütun və hamilərlə (onu saxlayan şeylə) yox! (Çünki hər bir şey Ona söykənir və arxalanır.) Zəkalar Onu dərk edər, amma (hisslərlə) dərk etmək yolu ilə yox. (Çünki O, zehinlərdə sığışmaqdan pak və uzaqdır.) Görünənlər (və ya gözlər) Onun vücudunun varlığına şəhadət verirlər, amma birgə, bir yerdə olmasına görə yox. (Çünki məhdud deyil ki, bir yerdə olsun, digər bir yerdə isə olmasın və ya göz Onun başını görsün.) Düşüncələr Onu əhatə etməyib (Onun zatının dərinliyini və həqiqətini dərk etməyiblər), bəlkə düşüncələr vasitəsi ilə düşüncələrə aşkar olub. (Ağıl düşüncə yolu ilə Ona yol tapıb, amma Onun zatının həqiqətini dərk etməyib. Çünki cisim deyil və buna görə də düşüncələr Onu əhatə etmir.) Həmçinin düşüncələrlə düşüncələrdən (onların Onu əhatə etməsindən) imtina edib. (Çünki mümkün varlığın düşüncəsi vacibul-vücud varlığa yol tapa bilməz və buna görə də Onu əhatə edə bilməz.) Eləcə də düşüncələri düşüncələrin yanında mühakiməyə gətirib. Onun böyüklüyü, nəhayətlərin Ona çatıb Onu cisim olaraq böyük göstərmələri şəklində deyil. Həmçinin Onun əzəməti sonluqların Onda sona çatmaları və Onu bədənə malik böyük kimi göstərmələri qismindən deyil. Bəlkə Onun şə’n, səltənət və padşahlığı böyükdür. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir. Allah ona və onun əhli-beytinə (xalqı hidayət etdikləri üçün) salam çatdırsın. Allah onu (insanların qəbul etmələri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o Həzrət də Allahın hökm və sifarişini onun vasitəsi ilə haqqı batildən ayıraraq çatdırdı; insanları nümayəndəsi olduğu doğru yola apardı; doğru yol və aşkar nişanələrə dəlalət edən bayraqları sancdı (ki, heç kəs batili haqq ilə və azğınlığı düzlüklə səhv salmasın). Həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi (ki, həmin kəndir və dəstəklərdən yapışan hər bir kəs azğınlıq və bədbəxtlikdən nicat tapsın və başqası ona hakim olmasın).

Bu da həmin xütbənin (qarışqa, çəyirtkə və bu kimi) bir qism heyvanların yaradılışlarının qəribəlik və heyranediciliyinin vəsfinə dair bir hissəsidir

Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəxşişinin böyüklüyü barəsində fikirləşərək düşünsələr, (azğınlıqdan doğru) yola qayıdar və (qiyamətdəki) yandırıcı odun məşəqqət və çətinliklərindən qorxarlar (Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmazlar). Amma qəlblər xəstə və gözlər kordur! Məgər yaratdığı kiçik heyvanın yaradılışını, eləcə də onun (bədən üzvlərinin) bir-birinə birləşmələrini necə möhkəm etməsinə, (bütün kiçikliyinə baxmayaraq,) onun üçün qulaq və göz yaratmasına və onu mütənasib sümük və dəri ilə bəzəməsinə baxmırlar?! Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən kiçik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu necə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuvasına daşıyır və onu (çətin gün üçün) anbarında hazır saxlayır. Yayda qış və (isti günlər) gələndə qayıtmaq (soyuq günlərin qayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah, ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın və ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə! Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət və tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikir və düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür. Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir və düşüncələrini işə salsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır. (Buna görə də İmam əleyhis-salam buyurur:) Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül və güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər. (Buna görə də belə güman etmə ki, bu kiçik olduğu üçün çətin, digəri isə böyük olduğu üçün asandır.) Həmçinin (Onun qüdrəti müqabilində) göy, hava, külək və su (bunların hər birinin yaradılması) da bərabərdir. Həmçinin günəş, ay, bitki, ağac, su və daşa, gecə ilə gündüzün dolanmasına (bir birini əvəz etməsinə), dənizlərin axmasına, dağların çoxluğuna, qüllələrin uzunluğu və dillərin müxtəlifliyinə baxın. Buna görə də yaradanı inkar edənin və nizama salana inanmayanın vay halına! Belə güman edirlər ki, onlar, (səhra və dağlarda özbaşına bitən və) əkəni, toxum səpəni olmayan bitki kimidirlər və onların müxtəlif surətlərini yaradan olmayıb. Onlar, barəsində iddia etdikləri şeydə dəlil və sübuta malik deyildirlər və əzbərləyərək inandıqları şeydə araşdırma və yəqinləri yoxdur. (Bəlkə onların iddiaları yalnız məğrurluq və güman əsasındadır.) Məgər bənnası olmamış bina və ya canisi olmayan cinayət var? (Hər bir işin onu görmüş amilə möhtac olması zəruri və aşkar bir məsələdir ki, onu inkar etmək səhv və batil bir düşüncədir və onu inkar edən kəs nadan və azğındır.) İstəyirsənsə (qarışqa kimi) çəyirtkədən danış (onun yaradılışının heyranediciliyində fikrə dalaraq düşün) ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, onun üçün iki qırmızı göz yaradıb, (ay kimi) iki parıltılı bəbək işıldadıb. Ona gizli (gözlə görünməyən) qulaq qoyub və münasib ağız açıb. Onun üçün (yaşayış yolu və öz xeyir-ziyanını bildiyi) güclü hissiyyat yaradıb və həmçinin vasitəsi ilə (bitkini) kəsib ayırdığı iki diş (verib). Həmçinin oraq (kimi iki ayaq verib) ki, onunla qaçır. Əkinçilər əkinlərinə görə ondan qorxurlar və hətta söz qoyub birləşsələr belə, onun qarşısını ala bilməzlər. Nəhayət, uçub əkinlərə gələrək onda istədiyini edər, halbuki onun bütün gövdə və bədəni nazik bir barmaq ölçüsündədir. Buna görə də (dərk edilməkdən) pak və uzaqdır o Allah ki, göylər və yerdə olanlar (mələklər və Allaha itaət edənlər) ixtiyar və çarəsizliklə (rahatlıq və çətinlikdə) Ona səcdə edirlər, üzlərini torpağa sürtürlər (itaətkarlıq və zəifliklərini bildirirlər), məcburiyyət və zəiflik üzündən itaət edərək hökmünə tabe olurlar və qorxu üzündən cilovlarını Onun əlinə verirlər. Quşlar Onun əmr və fərmanının ixtiyarındadırlar. O, onların tüklərinin və nəfəslərinin sayını bilir. Onların əl və ayaqlarını su və quruda möhkəmlədib (bəzilərini dəniz, bəzilərini isə səhra sakini edib). Ruzilərini müəyyənləşdirib və onların növlərindən xəbərdardır: bu qarğa, bu qartal, bu göyərçin və bu dəvəquşudur. Hər bir quşu adı ilə çağırıb (hikmət və məsləhətə uyğun yaradıb) və ruzisinə zəmanət verib. (Yağışı olan) ağır buludu yaradıb, yağışını axıdıb, hər bir yerin ondan olan payını müəyyənləşdirib, yerə quruluqdan sonra su verib və quraqlıqdan sonra onda bitki bitirib.