Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/48-ci xütbə

Vikimənbə saytından
47-ci xütbə Nəhcül-bəlağə. 48-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
49-ci xütbə


İmam Əli əleyhis-salamın Şama gedərkən (Nuxeylədə) buyurduğu xütbələrdəndir. (Siffeyn müharibəsi iyirmi beş şəvval otuz yeddi h. q. ilində baş vermişdir.) Gecənin düşdüyü və dünyanın zülmətə, qaranlığa qərq olduğu hər dəfə Allah həmd olunmağa layiqdir. Ulduzların görünüb və gizləndiyi hər vaxt Haqq-təalaya sitayiş etmək rəvadır (həmişə, günün hər bir vaxtında Allah-təalaya həmd və şükür etmək hər bir kəsə vacib və lazımdır). Saysız-hesabsız şükrlər bütün kamal sifətləri özündə cəmləşdirən, nemət və bəxşişləri bitib-tükənməyən (hamıya şamil olan), fəzl və kəramətinin bərabəri olmayan bir mə’buda məxsusdur. Sonra öz qoşunumun önündə gedənləri (Ziyad ibn Nəsr və Şüreyh ibn Hanini on iki min süvari ilə) göndərdim və mənim (hərəkət barədə) fərmanım onlara çatana qədər Fəratın sahilində ləngimələrini əmr etdim. Məsləhət bildim ki, bu sudan (Fəratdan) keçərək Dəclənin ətrafında yaşayan (Mədain əhalisi) sizlərdən (müsəlmanlardan) bir dəstənin yanına gedim və onları təchiz edərək sizinlə birgə düşmənlərinizə qarşı döyüşə gətirim, onları sizə köməkçi edim. (Seyyid Rəzi buyurur:) Deyirəm: Həzrət مِلْطَاط dedikdə Fəratın sahilində yerləşən və öz qoşununun öndə olanlarına ora enməyi əmr etdiyi yeri nəzərdə tutur. Bundan başqa, dəniz sahilinə də مِلْطَاط deyirlər. Bu sözün əsl mənası isə «hamar yer» deməkdir. Həzrətin نُطفَة dedikdə məqsədi (az və ya çox miqdarda saf su mənasını daşıyır) Fəratın suyudur. Bu təbirlər qeyri-adi və heyrətamiz ifadələrdəndir.