Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/49-cu xütbə

Vikimənbə saytından
48-ci xütbə Nəhcül-bəlağə. 49-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
50-ci xütbə


İmam Əli əleyhis-salamın (Haqq-təalanın sifətləri vəsf olunduğu) xütbələrindəndir. Həmd olsun Allaha ki, gizlin işləri bilir, (gizli şeylər onun üçün aşkardır. Deməli, aşkar olan hər şeyi, şübhəsiz, bilir) görünən və aşkar nişanələr (bütün varlıq) onun mövcudluğuna, varlığına dəlalət edir gözlə görünməsi mümkün deyil (çünki bir yerdə deyil ki, gözlə görünsün). Deməli, Onu görməyənin gözü (varlığının nişanələrini gördüyünə görə onun mövcudluğunu) inkar etməz, varlığını (nişanə və əlamətlərinə görə) başa düşənin qəlbi isə zatının həqiqətini dərk etməz. Yüksəklikdə (hər şeydən) üstündür, heç nə ondan uca deyil, yaxınlıqda (hamıya) yaxındır və heç nə ondan daha yaxın deyil. Deməli, (hər şeyi əhatə etdiyinə görə) yüksəkliyi onu yaratdıqlarından uzaqlaşdırmamış, yaxınlığı isə xalqı bir məkanda onunla bərabərləşdirmişdir. Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir. Deməli, O elə bir Allahdır ki, mövcud əlamət və nişanələr Onu inkar edənin qəlbinin Onu təsdiqləməsinə şəhadət verir. Allah Onu məxluqata bənzədənlərin və Onu inkar edənlərin sözlərindən pak və nöqsansızdır.