Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/64-cü xütbə

Vikimənbə saytından
63-cü xütbə Nəhcül-bəlağə. 64-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
65-ci xütbə


İmam Əli əleyhis-salamın (Allahın sifətləri barədə) xütbələrindəndir. Həmd və şükr heç bir sifəti başqa sifətindən önə keçməyən Allaha məxsusdur. Deməli, son olmamışdan qabaq, əvvəldir. Gizli olmazdan əvvəl isə aşkardır. Ondan qeyri hər nə vahid və tək adlandırılsa (çoxun müqabilində) azdır. Ondan qeyri hər əziz zəlil və xardır, (çünki nəticədir. Nəticə isə səbəbin zəlilidir) Ondan başqa hər bir güclü gücsüzdür. Ondan qeyri sahib və mülkiyyətçi (Onun iradə və istəyi müqabilində zəlildir), Onun quludur. (Çünki Allah Təaladan başqa hər nə varsa vücudu mümkün olanlardandır və mümkün isə nəticədən doğmadır, nəticə səbəbdən aslıdır və deməli, həqiqi sahib Odur.) Ondan başqa hər bir bilikli isə öyrənəndir. Ondan qeyri hər bir güclü və qadir (bəzi işlərdə) güclü və (digər işlərdə) acizdir. Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar, yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər. Ondan qeyri bütün görənlər (qaranlıqda rənglər tək) gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur. Ondan başqa, hər bir aşkar olan gizli, gizlin isə aşkar deyil. (O, elə Allahdır ki,) yaratdıqlarını nə hakimiyyət və padşahlığını gücləndirməyə, nə ruzigarın hadisələrindən qorxduğuna görə (bir gün möhtac qalmasın deyə), nə Onunla çəkişən tayına qarşı (onu dəf etmək üçün) kömək almağa, nə də öz şərikinin və Ona qarşı olanın qələbə, öyünmə və iftixarının qarşısını almaq üçün yaratdı. (Yaranmışlar Onun nemətləri ilə) bəslənmiş məxluqat və (Onun hökm və iradəsi qarşısında) zəlil, xar bədənlərdir. O, nələrdəsə hülul etmədi ki, «onlardadır» deyilsin. (Çünki əşyaya hülul etmək cismilik və imkan tələbatlarındandır) və heç nədən uzaqlaşmadı ki, «ondan uzaqdır» deyilsin. (Çünki bütün əşyaları əhatə edir.) Məxluqatı yaratmaq və onların vəziyyətini düzəltmək Onu yorub əldən salmadı, əşyanı yaratmaqda aciz olmadı. Hökm verdiyi və müəyyən etdiyi şeylər barədə şübhəsi yaranmadı. Onun hökmü qəti, elmi möhkəm, işləri dönməzdir. Bəndələr Onun qəzəb və cəzalarına rəğmən Ona ümidvardırlar. (Çünki Ondan başqa pənahları yoxdur) və nemətləri, bəxşişləri olsa da Ondan qorxurlar (ki, nəbadə əzaba düçar olacaqları bir iş görsünlər).