Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/89-cu xütbə

Vikimənbə saytından
88-ci xütbə Nəhcül-bəlağə. 89-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
90-cı xütbə


İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir. Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır. O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın mə’budu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər. Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıxmaz.