Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/97-ci xütbə

Vikimənbə saytından
96-cı xütbə Nəhcül-bəlağə. 97-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
98-ci xütbə


İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm və sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır. Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın halal etmədiyi heç bir haramını qoymayacaq, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar. (Müaviyə İmam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Xülasə, nə bir şəhər, nə bir kənd və nə də bir biyaban) qalacaq. Camaat (onların zülm və sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına və onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca pis danışan nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni daha çox olandır (Onun istəyinə təslim və razı olandır). Allah-təala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət və çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və müttəqilər nicat taparlar (Allah onların əcrlərini puç etməz).