Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Nəhcül-bəlağənin Azərbaycan dilinə tərcüməsi haqqında bir neçə söz

Vikimənbə saytından
Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi), «Nəhcül-bəlağə»nin Azərbaycan dilinə tərcüməsi haqqında bir neçə söz
Müəllif: Allahşükür Paşazadə
Ön söz
Nəhcül-bəlağə, Nurlar, Bakı, 2009, səh. III-XI


«Nəhcül-bəlağə»nin Azərbaycan dilinə

tərcüməsi haqqında bir neçə söz

Bismillahir-Rəhmanir-Rəhim!
Əl-Həmdu lillahi Rəbbil-aləmin vəs-səlatu
vəs-səlamu əla əşrəfıl-ənbiyai vəl-mürsəlin -
Mühəmmədin və alihil-məxsusin
bit-təharəti vət-tənzih. Əmmə bə’d...

Həzrət Əli ibn Əbu Talib əleyhis-salamm bəlağət və fəsahətdə misli-bərabəri olmayan xütbələri, hikmətli kəlamları, nəsihətləri və məktublarının Şərif Rəzi (vəfatı - 1015) - rəziyəllahu anhu - tərəfindən hazırlanmış toplusu olan «Nəhcül-bəlağə» İslam və bütün dünya mədəniyyəti inciləri sırasına ölməz bir əsər kimi daxil olmuşdur. Bu gün bu əsərin Azərbaycan dilinə tərcümə edilməsi müasir Azərbaycanın dini, elmi, mədəni və ədəbi həyatında son dərəcə əlamətdar və mühüm bir hadisə kimi qiymət¬ləndirilməlidir. Bu baxımdan tərcümənin müəllifləri - Dürdanə xanım Cəfərli, Etibar Quliyev, Ağabala Mehdiyev, habelə höccətul-islam vəl-müslimin Hacı Şeyx Adil Mövlayinin İslam maarifinin mühüm mənbələrin¬dən olan bu əsəri Azərbaycan türkcəsində ərsəyə gətir¬mək üçün göstərdikləri səy və zəhmət yüksək təqdirə layiqdir. Onlar «Nəhcül-Bəlağə»nin mərhum ayətullah Seyyid Əliyənnəqi Feyzul-İslam tərəfindən təqribən 50 il bundan qabaq İranda fars dilində şərhlərlə çap edilmiş mükəmməl tərcüməsini Azərbaycan dilinə çevirmək kimi ağır və məsuliyyətli bir işin öhdəsindən bacarıqla gələ bilmişlər. Əsəri oxuduqca mütərcimlərin həqiqətən fars, ərəb və Azərbaycan dillərini gözəl bildiklərini, İslamın tarixinə, əsas prinsiplərinə yaxından bələd olduqlarını hiss edirsən. Şübhə yoxdur ki, az bir müddət içərisində belə bir böyük işin öhdəsindən gəlmək mütərcimlərdən yüksək bacarıq, geniş bilik və böyük səy tələb etmişdir.
İmam Əli əleyhis-salamın əshabı onun xütbələrini, moizələrini, məktublarını və hikmətli kəlamlarını o hələ həyatda ikən cəm etməyə və yazıya almağa başlamışlar. Sonralar əzbərlənərək Əhli-beyt imamlarının (əleyhimus- salam) hafizələrində həkk olunan və müqəddəs əmanət kimi nəsildən-nəslə ötürülən bu əlçatmaz-ünyetməz bəlağət və fəsahət nümunələri həm də xüsusi katiblər tərəfindən qələmə alınmışdır. İlk dəfə İmam əleyhis- salamın xütbələrini onun yaxın əshabmdan olan və o Həzrəti (ə) Nəhrəvan səfərində müşayiət edən kufəli Zeyd ibn Vəhb əl-Cüheyni (vəfatı -714) yazmağa başla¬mışdır. Sonralar bir çox yazıçılar bu xütbələri öz kitablarına daxil etmiş, Həzrət Əlinin hikmət dolu xütbə, kəlam və moizələrinə geniş şərhlər yazmışlar. Bu şərhlər arasında ən məşhuru İbn Əbil Hədid Əbdülhəmidin (vəfatı -1275) şərhi sayılır.
Əlbəttə, İmam əleyhis-salamın bütün nəzəri irsini, dediklərini və yazdıqlarını bircə-bircə toplayıb tam də¬qiqliyi ilə küll halında yazıya almaq çətin və bəlkə də qeyri-mümkün bir işdir. Hər halda tam qətiyyətlə demək olar ki, bu gün İmam əleyhis-salamın bizə gəlib çatan kəlamları çatmayanlardan qat-qat azdır. Digər tərəfdən qeyd edilməlidir ki, ayrı-ayrı müəlliflərin tarixi şəraitdən, dövrün əhvali-ruhiyyəsindən, sosial-siyasi hadisələrinin xarakterindən asılı olaraq Həzrət Əli əleyhis-salamın xütbə, kəlam, məktub və moizələrini bir-birindən fərqli deyim və mənalarda yazıya alması da sonralar bu mübarək yazıların dürüst tərtibi işini xeyli çətinləşdirən amillərdən olmuşdur. Bunların hamısını araşdırmaq, tədqiq etmək, hər bir sözü artırıb-əskiltmədən, rəvayət edildiyi şəkildə yazıya almaq xüsusi səriştə, hazırlıq və cidd-cəhd tələb etmişdir. «Nəhcül-bəlağə»nin tərtibçisi Şərif Rəzinin ən böyük xidməti onda olmuşdur ki, o təqribən min il bundan qabaq ayrı-ayrı qaynaqları diqqətlə öyrənmiş, bu qaynaqlardakı materialı bir-birilə tutuşdurmuş, heç bir şübhə yeri qoymadan Həzrət Əli əleyhis-salama aid olan kəlamları bir kitabda topla¬mışdır. Topladığı materialın xütbə və əmrlərdən, yazı və məktublardan, hikmətli kəlam və ibrətamiz moizələrdən ibarət olduğunu görən Şərif Rəzi kitabını həmin mövzular üzrə tərtib etmək qərarına gəlmişdir. İmam əleyhis-salamm tovhid və ilahi ədi, qəzavü-qədər, Allahı Ona xas olmayan sifətlərdən uca tutmaq-tənzih məsələ¬lərinə dair bəlağət və fəsahətlə dolu kəlamlarının həm bilik sahibləri, həm də bilik sorağında olanlar, həm gözəl danışıq qabiliyyətinə malik olanlar, həm də ifadəli nitqə can atanlar üçün maraqlı olduğunu görəndə isə, kitabını «Nəhcül-bəlağə» («Bəlağət yolu») adlandırmışdır.
Bu gün əlimizdə olan «Nəhcül-bəlağə» bu yolla ərsəyə gəlmişdir. Sonralar bu kitab Həzrət Əli əleyhis-salamı sevənlər, onun bəlağət dolu kəlamlarına, ibrətamiz moi¬zələrinə maraq göstərənlər üçün əvəzedilməz qaynaq rolunu oynamışdır. Bir çox bəlağət və fəsahət sahibləri ifadəli nitqi, natiqlik sənətini İmam Əli əleyhis-salamm xütbə və kəlamlarını əzbərləməklə öyrənmiş, aydın danış¬ma qabiliyyətinə bu yolla yiyələnmişlər. Əbdülhəmid Katibi (vəfatı - 750) iftixarla bildirirdi ki, Həzrət Əli əley¬his-salamm xütbələrindən yetmişini əzbərləməklə bəla¬ğəti mənimsəmişdir.
«Nəhcül-bəlağə» ərsəyə gəldikdən sonra ona da çoxlu şərhlər yazılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, «əş-Şəqşəqiyyə» adı ilə tanınan xütbəyə hazırda on altı şərh mövcuddur. Misirin tanınmış ilahiyyat alimi Məhəmməd Əbduhun (vəfatı - 1905) «Nəhcül-bəlağə»yə yazdığı şərh də öz məzmunu, əhatəliliyi sayəsində geniş yayılmışdır.
«Nəhcül-bəlağə» ayrı-ayrı xalqların dillərinə tərcümə edilmişdir. Şərhli tərcümələr daha uğurlu olmuşdur. Belə şərhli tərcümələrdən biri və mən deyərdim ki, ən uğur¬lusu və mükəmməli Ağa Seyyid Əliyyənnəqi Feyzul- İslamm fars dilində hazırladığı tərcümədir. Bu tərcüməni başqa müvafiq tərcümələrdən fərqləndirən əsas məziyyət fıloloji dəqiqlik, ərəb dilindəki çətin söz və ifadələrin fars dilində stilistik qarşılığını seçmək qabiliyyəti ilə bağlı izah edilə bilər. Şərhlərdəki dərin təhlil, məzmun zəngin¬liyi, açıqlanan məsələlərin mahiyyətinə nüfuz etmək bacarığı Ağa Seyyid Əliyyənnəqinin hazırladığı əsəri Həzrət Əli əleyhis-salamın irsi ilə bağlı ən gözəl ədəbiy¬yat nümunələri sırasına çıxarmışdır.
Məhz bu səbəbdən «Nəhcül-bəlağə»nin bu gün Azər-baycan oxucusunun sərəncamına verilən tərcüməsi Ağa Seyyid Əliyyənnəqinin həmin əsəri əsasında hazırlan¬mışdır.
İran İslam Respublikasının Azərbaycandakı Mədə¬niyyət Mərkəzinin rəhbəri Ağa Seyyid Əli Əkbər Ocaq- nejadm nəşrə yazdığı Ön Sözdə «Nəhcül-bəlağə»nin mötəbər və mübarək bir yazılı abidə kimi müxtəlif səpki¬ləri nəzərdən keçirilir, onun yaranma tarixi işıqlandırılır, quruluş xüsusiyyətləri açıqlanır. Müəllif Həzrət Əli əleyhis-salamm xütbə və kəlamlarını ehtiva edən ayrı- ayrı topluları, onlara yazılmış müxtəlif şərhləri təhlil edir, Azərbaycan dilinə tərcümə üçün nə səbəbdən məhz Şəril Rəzinin hazırladığı «Nəhcül-bəlağə»nin seçildiyini əsaslandırır. Orta əsrlər müəlliflərinin və müasir yazıçı¬ların Həzrət Əli əleyhis-salamm xütbə və kəlamlarının əhəmiyyəti barədə rəyləri diqqətlə təhlil edilir. Ön Sözdə fundamental tarixi əsərlərin tərcüməsi və şərhi ilə bağlı yer tapan metodoloji prinsiplər həcminin qısalığına rəğmən onu müstəqil tədqiqat əsəri kimi səciyyələn¬dirməyə haqq verir. Həqiqətən nəşrə yazılmış Ön Söz öz sanbalı, siqləti, metodoloji cəhətdən tutarlılığı ilə diqqəti cəlb edir və «Nəhcül-bəlağə»nin tərcüməsi və şərhinə dair yığcam bir əsər kimi qiymətləndirilə bilər.
Bir məsələyə də toxunmaq istərdim. Kimsə fikirləşə bilər ki, görəsən, bu gün, bizim indiki zəmanədə «Nəh- cül-bəlağə»nin Azərbaycan dilinə tərcüməsi nə əhəmiyyət kəsb edir? Mən bu əhəmiyyəti hər şeydən əvvəl «Nəhcül- bəlağə»nin İslam fikri tarixində yeri ilə əlaqələndirmək istərdim. Həqiqətən Həzrət Əli əleyhis-salamın xütbələri, məktubları və hikmətli kəlamlarında hər bir müsəlmanı maraqlandıran ən ümdə din məsələlərinə dair dolğun məlumat vardır. Digər tərəfdən, «Nəhcül-bəlağə» Həzrət Əli əleyhis-salam haqqında, onun şəxsiyyəti, fəzilətləri, bəlağət və fəsahəti, elmi barədə biliklərimizi zənginləş¬dirməyə, daha dolğun bilik hasil etməyə imkan verən fundamental bir əsərdir. Natiqlik məharətinə nə dərəcədə malik olursansa-ol, nə səviyyədə elmi, dini, fəlsəfi təhsil alırsansa-al, Həzrət Əli əleyhis-salamm fəzilət və üstün¬lüklərindən söz açmaq çətindir, çünki belə bir nəhəng fikir dühası haqqında danışmaq kimi böyük cəsarət tələb edən bir işdə dil acizlik göstərir, bilik naqislik nümayiş etdirir. İslam fikri tarixində yüksək məqam sahibi sayılan İbrahim ibn Səyyar ən-Nəzzam (vəfatı - 836) Həzrət Əli əleyhis-salamm şəxsiyyəti haqqında bir söz deməyi insan üçün imtahan kimi bir şey hesab etmişdir. Belə olan təqdirdə bu əzəmətli şəxsiyyətin bəlağəti, elmi, fikri, dilinin zənginliyi, nitqinin yığcamlığı, səlisliyi, anlaşıq- lılığı, təmizliyi haqqında ən gözəl biliyi onun xütbələrin¬dən, məktub və kəlamlarından almaq olar. Tərcüməni oxuduqca şirkdən uzaq müvəhhidlər ailəsində dünyaya gələn, Allah - sübhanahu və təalamn qarşısıalınmaz istə¬yinə əsasən Peyğəmbərin (səllallahu əleyhi və alih) yanında tərbiyə alan, böyüyüb boya-başa çatan, ondan bir an d'1 olsa ayrılmayan, Peyğəmbərə (səlləllahu əleyhi və alih) həm ən yaxın qan qohumluğu, həm də kürəkənlik qohumluğu ilə qohum olan Həzrət Əli əleyhis-salamm Peyğəmbər məktəbindən çıxdığını, imanında sabit, yəqinliyində sal qayalardan da möhkəm olduğunu hiss edirsən, duyursan ki, Əli əleyhis-salam həqiqətən Peyğəmbər hikmətinin qapısı, Peyğəmbər elminin xəzinadarı olmuşdur.
«Nəhcül-bəlağə» bir daha sübut edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Həzrət Əli əleyhis-salamın Qur’an elmlərinə və şəriətə dair biliklərini yüksək qiymətlən¬dirəndə, onu «bu ümmətin ən çoxbiləni» adlandıranda, nə qədər uzaqgörən olmuş, bu uzaqgörənliyi səmadan ilhamlanaraq almışdır. Xəlifəlik kürsüsünə əyləşən Həz¬rət Əli əleyhis-salam müsəlmanlar ona bey’ət edəndə başında Peyğəmbərin (s) əmmaməsi, çiynində Peyğəm¬bərin (s) əbası, belində Peyğəmbərin (s) qılıncı, ayaqla¬rında Peyğəmbərin (s) nəleyni məscidə gəlmiş, minbərə qalxıb demişdi: «Ey insanlar! Mən sizin aranızdan getməmişdən qabaq (Allahın kitabı barəsində bilmədiklərinizi) məndən soruşun...». İnsan gərək nə qədər bilikli olsun və özünə nə dərəcədə arxayın olsun ki, Allahın ecazkarlığı ilə ərəbləri mat-məəttəl qoyan, bəlağəti, fəsahəti, yığcamlığı ilə bənzərsiz olan Kitabı haqqında Peyğəm¬bərə (səllallahu əleyhi və alih) yoldaşlıq edən, Qur’ani- Kərimin nazil olduğu vaxtlarda onun yanında olan mötəbər səhabə arasında belə bir söz desin. Yalnız Həzrət Əli əleyhis-salamın belə bir cəsarətə haqqı vardı, çünki özünün də dediyi kimi, Allahdan savayı heç kəsin bilmədiyi qeyb elmindən başqa bütün elmləri Allah Öz Peyğəmbərinə (səllallahu əleyhi və alih) təlim etmiş, o da Əli əleyhis-salama öyrətmişdi, dua etmişdi ki, sinəsi bu elmləri qavraya, ehtiva edə bilsin. Peyğəmbər (səllallahu əleyhi və alih) ona göylərdən nazil olan mübarək ayələri əvvəlcə Əli əleyhis-salama oxuyur, ona imla edir, yaz¬dırır, tə’vil və təfsirini, nasix və mənsuxunu, möhkəm və mütəşabihini öyrədir, Allaha dua edirdi ki, onları fəhm etmək üçün Əli əleyhis-salama qüvvət versin. Əli əleyhis- salam da oxuduqlarını əzbər yadda saxlayır, bu mübarək ayələrin halal-harama dair hökmlərini, əmr və qadağan¬larını, olanlara və olacaqlara dair xəbərlərini bilirdi. Həzrət Əli əleyhis-salam bu barədə belə buyurmuşdur: «Allahm Rəsuluna (s) elə bir ayə nazil olmamışdı, Allah- təala ona halal-haram, əmr və nəhy, itaət və asilik, yaxud olmuş və ya olacaq barəsində elə bir şey öyrətməmişdi ki, o da onu mənə öyrətməsin, mənə oxutdurmasın, mənə imla etməsin və mən də onu öz xəttimlə yazmayım. O, bütün bunların tə’vilini, zahirini və batinini mənə xəbər vermiş, mən də yadda saxlamışam, sonra da ondan bir hərf belə unutmamışam». İlahi təqdirin sayəsindədir ki, Həzrət Əli əleyhis-salam dərin elmə, geniş biliklərə malik olmuşdur. Bir hədisdə Peyğəmbər (səllallahu əleyhi və alih) buyurur ki: «Mən Allahdan nə diləmişəmsə - verib... Ondan diləmişəm ki, səni mənim vəsim, varisim və elmimin xəzinədarı etsin, o da edib». Peyğəmbərin (səlləllahu əleyhi və alih) «Mən elm şəhəriyəm, Əli isə onun (şəhərin) qapısıdır - elm istəyən qapıya gəlsin» və «Mən elm şəhəriyəm, Əli isə onun (şəhərin) qapısıdır - şəhərə girmək istəyən qapıya gəlsin» kimi kəlamları Həzrət Əli əleyhis-salamm Peyğəmbər elminə varisliyindən xəbər verir. Həzrət Əli əleyhis-salam bu barədə belə deyir: «Allahın Rəsulu (s) halal-haram, olanlar və Qiyamət gününədək olacaqlar barəsində mənə min növ (bilik) öyrətmişdir ki, hər biri min növ biliyə qapı açır və hər qapı min-min biliyə yol göstərir, ta ki, əcəl və (bəndələri imtahana çəkmək üçün) olacaqlar elmini (ilmül- mənaya vəl-bəlaya) və fəsahəti öyrəndim».
İmam əleyhis-salam Peyğəmbərdən (səllallahu əleyhi və alih) aldığı bilikləri ətrafmdakılara öyrədir, Qur’ani-Kə- rimin ayrı-ayrı ayələrinin mənasını açıqlayırdı. Onun bir təfsiri öz məna dərinliyi və konkretliyi baxımından diqqəti xüsusilə cəlb edir. Əleyhis-salam bir nəfər müsəl¬manın Qur’ani-Kərimin «İnna lillahi və inna ileyhi raci- un» (Bəqərə, 156) ayəsini oxuduğunu eşidib dedi: «Bizim «inna lillahi» deməyimiz Allahın padşahlığını etiraf etməyimizdir, «inna ileyhi raciun» deməyimiz isə həlak olacağımızı iqrar etməyimizdir» (Nəhcül-bəlağə, Əmirəl- möminin əleyhis-salamın hikmətli kəlamları, 95).
Həzrət Əli əleyhis-salam Qur’ani-Kərimə dair biliklərini bilavasitə Peyğəmbərin (səllallahu əleyhi və alih) özündən almış, ona ən yaxın adam olmuş, onun işlərində yaxından iştirak etmiş, davranış və hərəkətlərinin şahidi olmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alih) aldığı vəhy¬lərin mənasını hamıdan əvvəl ona açıqlamışdır. Məhz buna görə Əli əleyhis-salamm «Allahm Kitabı barəsində məndən soruşun, çünki elə bir ayə yoxdur ki, onun gecə və ya gündüz, aranda və ya dağda nazil olduğunu bilməyim» - deməyə tam haqqı vardı. Şeyx Müfıdin (vəfan - 1022) yazdığına görə, «Əmirəl-möminin əleyhis- salam nazil olan Qur’anı əvvəlindən axırma kimi cəm etmiş, vacib olduğu şəkildə yazmış, Məkkə ayələrini Mədinə ayələrindən, nəsx edilmiş ayələri nəsx edən ayə¬lərdən qabağa çəkmiş, oradakı hər şeyi öz yerinə qoy¬muşdun).
İmam Əli əleyhis-salamm bəzi kəlamları öz məna yü¬künə, yığcamlığına və bəlağətinə görə minilliklərdən ke¬çə-keçə cilalanaraq gələn, bitkinləşən, ibrətamiz məzmun kəsb edən, gözəl vəznə və qafiyəyə malik olan atalar sözləri kimi səslənir. «Təxəffəfu təlhəqu» - «Yüngülləşin - yetişərsiniz)) deyən İmam əleyhis-salam müsəlmanlara günah yükündən yüngülləşmək və bu yolla əməlisaleh- likdə onları ötüb keçmiş qardaşlarına yetişmək tövsiyə edir. İmam əleyhis-salamm «Allahı tanıyanın mərifəti kamil olar», «Allahı tanıyan bədbəxt olmaz» kimi kə¬lamları bu gün də aktuallığını qoruyub saxlayır.
Bu gün oxuculara təqdim olunan kitab bu cür təfsir¬lərin, xütbələrin, ibrətamiz kəlamların toplusu olan «Nəhcül-bəlağə»nin tərcüməsidir. Tərcümə, həqiqətən gözəl alınmışdır. Mütərcimlər hikmətli kəlamların, çətin atalar sözlərinin, mürəkkəb idiomatik ifadələrin Azər¬baycan dilində münasib qarşılığını tapa bilmiş, fars dilində ifadə edilmiş məzmunu Azərbaycan dili vasitəsilə gözəl ifadə edə bilmişlər. Mətnin mənaca tam dəqiqliyi və emosional-ekspressiv çalarları qorunub saxlanılmışdır.
Təbiidir ki, bütün müsbət məziyyətləri ilə yanaşı, «Nəhcül-bəlağə)> kimi iri həcmli bir əsərin Azərbaycan dilinə tərcüməsində müəyyən xətalar, düzgün seçilməmiş ifadələr, kifayət qədər cilalanmamış cümlələr, bir qədər qeyri-səlis görünən bəzi məqamlar da olmalıdır. Başqa cür ola da bilməzdi. İmam Əli əleyhis-salamm xütbə¬lərini, məktub və kəlamlarını başqa bir dilə tərcümə etməyə girişən hər kəs qabaqcadan bilməlidir ki, ucu- bucağı olmayan bir dəryaya girir və mütəxəssislər onun gördüyü işdə qüsur, mübahisəli məqamlar axtarıb tapa biləcəklər. Lakin əlimizdə olan tərcümənin müsbət cəhət¬ləri onun xətalarından qat-qat çoxdur. Hər şeydən əvvəl yeni nəşr minlərlə Azərbaycan oxucusuna İslamı, İslam adət-ənənələrini, İslam əxlaqını, erkən İslam dövrünün tarixi hadisələrini, Həzrət Əli əleyhis-salamm şəxsiy¬yətini, görüşlərini, hadisələrə yanaşma tərzini daha yaxşı başa düşməyə imkan verəcəkdir. «Nəhcül-Bəlağə»nin əlimizdə olan bu tərcüməsi bu vaxta qədər Azərbaycan oxucusunun sərəncamında olan tərcümələrdən ən mü¬kəmməli və oxunaqlısıdır. Tərcümənin nəşrinə uğurlar diləyir və yaxın zamanlarda onu kitab şəklində oxuya biləcəyimizə ümid edirəm.

Vəs-Səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Tarix elmləri doktoru, professor