Məzmuna keç

Nagəhan bir dərdə düşdü olmadı dərman cavad

Vikimənbə saytından
(Nagəhan bir dərdə düşdü оlmadı dərman cavad səhifəsindən istiqamətləndirilmişdir)
Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 216-217. ISBN 9952-418-01-6. (#cite_web_url); (#accessdate_missing_url)

Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad!
Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
Yetməyib məqsudə, getdin belə novcavan, Cavad!
Qaldı İbrahim xan, qan-yaş töküb giryan, Cavad!
Səndən ötrü, xan Cavad, Sərdar Cavad, sultan Cavad!
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Ey əziza, bir cavan idin əcəb bəxşi-xuda,
İzzü rüfət sahibi, bir xoşnüma, xəndan liqa,
Gəlməmişdir sən kimi pakizə tinət mütləqa,
Oldu heyfa dərdi-bidərman, bu dəhri-bivəfa,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Neylədi, ey vay, sənə dövrani-kəc, bədruzigar,
Getdi gül rəngin solub, nazik vücudin xarü zar,
Gəldi bəxtin qarə, oldu taci-təxtin tarümar
Neçə gözlər qaldı həsrət, neçə canlar intizar,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Firqətindən xan baban qəddi bükülmüş dal olub,
Baş açıq, üz-sinə məcruh validən bədhal olub,
Fərş edib torpağa üz həmşirələr pamal olub,
Gündə bir məhşər qopar, gəl, gör necə əhval olub,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Od düşüb, köşkü saraylar guyiya tağlar yanar,
Səs verir səngü şəcərlər, od tutub dağlar yanar,
Yasa girmiş səbzələr, geymiş qara bağlar, yanar,
Cümleyi-xəlqi-cahan qan yaş töküb ağlar, yanar,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Dəmbədəm ağlar görənlər xəttü xalın yad edib,
Şövkətü şanın anıb, о qəddi-dalın yad edib,
Xoş deyib-danışmağın, əqlü kamalın yad edib,
Yandırır odlara cismin, gül camalın yad edib,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Bu müsibətdə Qarabağa düşübdür va səsi,
Dərdi-bidərmanü dağü suzi-bipərva səsi,
Kim, çıxar ərşi-bərinə ruzü şəb nala səsi,
Şəhrü səhradən kəsilməz ahü vaveyla səsi,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Düşdü çün qürbət diyarə mənzilin, oldu uzaq,
Günbəgün artar ciyərdə atəşi-ahi-fəraq,
İstəyənlər eyləsin pəs halını kimdən soraq?
Atəşi-həsrət vücudin eylədikcə dağ-dağ,
Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad!

Ey dü çeşmi-validə, ey qürrətül-eyni-pədər!
Ey süruri-sinə, ey ruhi-rəvan, nuri-bəsər!
Qaldı həsrət, göz üzün görməz, könül bilməz xəbər,
Yana-yana ta əbəd büryan olub yanar ciyər,