Məzmuna keç

Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!

Vikimənbə saytından
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!
Müəllif: Molla Vəli Vidadi

Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,
Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.

Bavər etmən, ey mələklər sərvəri kim, bir bəşər
Səncə bu xubluqdəvü simadə görmüş, görməmiş.

Sanma qılmış teyi-gülzari-çəmən bülbül-həzər
Qamətin tək sərvi-xoş azadə görmüş, görməmiş.

Ey gözüm saqi, xəyal etmə bu bəzmin rindəsi
Şərbəti-lə’li ləbin tək badə görmüş, görməmiş.

Kimsə yox aləmdə mütləq bu Vidadi xəstə tək
Bir əsiri-dərdi-eşq iftadə görmüş, görməmiş.