Neyləmişəm məndən üz döndəribsən
Görünüş
| Neyləmişəm məndən üz döndəribsən Müəllif: Molla Pənah Vaqif |
Neyləmişəm, məndən üz döndəribsən?
Allahı sevirsən, bir gəz bəri bax!
Aç üstün qabağın zər qəsabənin,
Zülfün təxtəsini görkəz, bəri bax!
Ey gözləri cəllad, kirpiyi almas,
Gör nə derəm, bir sözümə qulaq as!
Axır sənə mən eylərəm iltimas,
Burayatək naz istəməz, bəri bax!
Söylə görüm, nə demişəm sənə mən,
Bidəmağ olubsan əbəs yerə sən?
Bu qədər incitməz sevəni sevən,
Dostluq yolu belə olmaz, bəri bax!
Mən sənin vəsfini, ey mahi-kərəm,
Hafizdən, Camidən artıq söylərəm,
Haqq bilir ki, səni necə istərəm,
Ay bivəfa, qədirbilməz, bəri bax!
Bu necə adətdir, necə ərkandır,
Deməzsən filanı bizə mehmandır,
Vaqif öz qulundur, sənə qurbandır,
Öldürsən də, vallah, dinməz, bəri bax!