Neyləyim (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neyləyim
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.155 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Keçdi cavanlığım, keçdi dövranım,
Zəmanə qəddimi əydi, neyləyim?!
Arif işarədən duydu dərdimi,
Nadan tənə edib söydü, neyləyim?!

Düşmənəm binadan amana, aha,
Tükənib ocaqdan kösöyüm daha.
Ağlasam, xoş getməz göydə Allaha,
Məni kor Yığvalım döydü, neyləyim?!

Alışa bilmirəm heç bu sayağa, -
Dərzi sapa həsrət, küpçü boyağa,
Bəyliyə layiqlər düşüb ayağa,
Hər yava ağızsa bəydi, neyləyim?!

Gözsüz, pərəstarsız biçarə Alı,
Gəzdi doğruluğu əli çıraqlı.
Batıbdı zülmətə Göyçə mahalı,
Aləm bir-birinə dəydi, neyləyim?!