Niyə gəlmədi

Vikimənbə saytından
Niyə gəlmədi
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Başına döndüyüm, ay Əziz əmi,
Getdi, bəs alşanım niyə gəlmədi?
Züleyxa camallı, qəddi minalı,
Şövkətli sultanım niyə gəlmədi?

Oldum yar yanında mən baxtı qara,
Gedən yox, gələn yox, kəsildi ara,
Sinəmə vurubdu peykanlı yara,
Töküldü al qanım, niyə gəlmədi?

Tutub zülflərini üzünə pərdə,
Apardı ağlımı, qoymadı sərdə,
Biçarə Dilqəmi salıbdı dərdə,
Həkimü loğmanım niyə gəlmədi?